Azərbaycanın xarici işlər naziri Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Qabriel Xara ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan ilə Çili arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb. Həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmli rol oynadığı vurğulanıb.
Nazir Elmar Məmmədyarov bu ilin oktyabrında keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci sammitində Çili tərəfinin yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu qeyd edib.
Qabriel Xara ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Bu baxımdan tərəflər arasında iqtisadi, ticarət, eləcə də sərmayə qoyuluşu kimi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün biznes forumun keçirilməsinin vacibliyi vurğulanıb.
Söhbət zamanı tərəflər arasında beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Nazir Elmar Məmmədyarov Qabriel Xaraya diplomatik fəaliyyətində uğurlar arzulayıb.

yap.org.az