Siyavuş Novruzov: Onlar xarici kəşfiyyatın, erməni lobbisinin həyata keçridiyi layihələrin iştirakçısı olub

“Müxalifətçi odur ki, işlədiyi vaxt gətirib ərizəsini qoyur masanın üstünə, açıq şəkildə deyir ki, mən bu sistemlə, idarəçiliklə razı deyiləm. Mən istefa verirəm və müxalifətə keçirəm. Mənə bu günkü müxalifətdən elə birisni göstərin ki, belə bir addım atıb. Heç kəs bu adamları tanımır”. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, onların bəzisi sayt açır, orada söyüş səsləndirir, sonra söyüşə görə məsuliyyətə cəlb olunurlar. Sonra özlərini müxalifətçi elan edir və sığınacaq axtarışına çıxır. Onlar xarici kəşfiyyatın, erməni lobbisinin həyata keçridiyi layihələrin iştirakçısı olub.
“Qeyd edim ki, milli azadlıq hərəkatından bu günə qədər proseslərin içində olmuşam, hamını tanıyıram. Həm milli azadlıq hərəkatında, həm torpaqlarımızın azad edilməsində, istər Naxçıvan, istərsə də Qarabağ ərazisindəki döyüşlərdə iştirak etmişəm. Bunlar nə milli azadlıq hərəkatında olmayıblar, nə torpaqlarımızın azad edilməsində iştirak etməyiblər, nə də dövlət quruculuğunda hər hansı xidmətləri olmayıb.”-deyə, YAP İcra katibinin müavini vurğulayıb.

yap.org.az