YAP-da akademik Möhsün Nağısoylunun gənclərlə görüşü keçirilib - FOTOLAR - SƏS TV

Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun gənclərlə görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən YAP GB-nın sədri Seymur Orucov deyib ki, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi İli” elan olunması təsadüfi deyil: “Çünki ölkə başçısının Sərəncamı ilə Azərbaycanda mənəvi dəyərlərin qorunması, maddi mədəni abidələrin bərpası, qorunması ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Prezident tərəfindən 2019-cu ili “Nəsimi İli” elan etməsi ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcək, yeni-yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını stimullaşdıracaq. Nəsimi – böyük humanist, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir. Onun yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poetikası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyur. Bu qərar ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür. Bütün bunlara görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”.AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu isə bildirib ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisədir: “Bu Sərəncam ölkə Prezidentinin, Azərbaycan dövlətinin bədii sözə və ədəbiyyatımıza, incəsənət və mədəniyyətimizə verdiyi böyük dəyər və qayğının daha bir bariz nümunəsidir”.M.Nağısoylu bildirib ki, Ümummilli lider Heydər Əliyev hələ ölkəmizə rəhbərliyinin birinci dönəmində elm və mədəniyyətə, ədəbiyyat və incəsənətə, xüsusilə də xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşaraq bu yöndə bir sıra məqsədyönlü tədbirlər həyata keçirib. Onun sözlərinə görə, həmin tədbirlər sırasında məhz Ulu öndərin təşəbbüsü ilə 1973-cü ildə böyük söz ustası İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESCO-nun tədbirlər planına daxil edilməsi və ölkəmizdə böyük təntənə ilə qeyd olunması xüsusi yer tutur. Məlum olduğu kimi, həmin yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində İmadəddin Nəsiminin möhtəşəm heykəli ucaldıldı, şair haqqında məşhur bədii film çəkildi, eləcə də böyük söz ustadının əsərləri həm doğma ana dilində, bəziləri isə bir sıra xarici dillərdə nəfis şəkildə nəşr olundu.“Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də ana dilimizin və elmimizin inkişafı ilə bağlı bir sıra mühüm sənədlərə imza atıb. Prezident İlham Əliyev 2018-ci il noyabrın 15-də İmadəddin Nəsiminin 650 illik yubileyinin ölkəmizdə yüksək səviyyədə qeyd olunması haqqında Sərəncam imzaladı. Bədii söz sənətinin ən dəyərli incilərini ortaya qoyan, əsərlərində ümumbəşəri fikirləri yüksək poetik şəkildə ifadə edən mütəfəkkir şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının nadir simalarından biridir. Məhz buna görə də Nəsiminin 650 illik yubileyinin qeyd olunması və Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi olduqca təqdirəlayiq və əlamətdar bir hadisədir. 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması və böyük şairin 650 illik yubileyinin yüksək səviyyədə qeyd olunması işığında qüdrətli söz ustasının adını daşıyan Dilçilik İnstitutunda da yaxın gələcəkdə bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur”-deyə, M.Nağısoylu qeyd edib.Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.

sia.az.