Vüqar Rəhimzadə: "Prezidentin növbəti əfv Sərəncamı humanizmin daha bir təzahürüdür"

“Demokratik dəyərlərə sadiqlik, insan hüquq və azadlıqlarının qorunması üçün mükəmməl qanunvericilik bazasının yaradılması hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyən dövlətimizin siyasətinin prioritetləri sırasındadır. Demokratiya təcrübəsi dünyaya nümunə olan Azərbaycanın humanizm prinsiplərinə sadiqliyi beynəlxalq aləmdə də yüksək dəyərləndirilir, 1995-ci ildən bəri imzalanan əfv sərəncamları və qəbul olunan amnistiya aktları demokratiyanın inkişafına xidmət edən mühüm addım kimi şərh olunur. Ümumilikdə atılan hər bir addım insan amilinə verilən dəyərin aydın ifadəsidir”. Bu fikirləri SİA-ya YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı növbəti əfv Sərəncamını şərh edərkən bildirib.V.Rəhimzadə qeyd edib ki, son 15 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin insan hüquqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində atdığı addımlar göz önündədir: "Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Milli Konstitusiyamızın qəbulundan ötən 24 ilə yaxın müddət ərzində sənədə əlavə və dəyişikliklərin edilməsi məqsədilə keçirilən 2002, 2009 və 2016-cı illər ümumxalq səsverməsinə çıxarılan dəyişikliklərin bir qismi idarəetmə sistemində təkmilləşməyə xidmət edirsə, digər əsas hissəsi insan hüquq və azadlıqlarının qorunmasına yönəlib. "Dövlətin ali məqsədi" maddəsinə edilən əlavə insan amilinə verilən dəyərin bariz nümunəsidir. Belə ki, həmin əlavədə bildirilir ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması, həmçinin onların yüksək həyat səviyyəsinin təmin edilməsidir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 18 iyunun ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis edilməsi də deyilənlərin bariz nümunədir".Baş redaktor bildirib ki, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsi olan humanizm prinsiplərinə hörmət və dəyər ölkə Prezidenti İlham Əliyevin siyasətində də öz prioritetliyini saxlayır: "Cənab Prezident İlham Əliyevin əlamətdar günlər ərəfəsində əfv sərəncamları imzalaması əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm siyasətinin uğurla davam etdirilməsinin təsdiqidir. 1995-ci ildən bu günə 60-dan çox əfv sərəncamı imzalanıb və 11 amnistiya aktı qəbul olunub. Nəticədə on minlərlə insan azadlığa qovuşub. Qeyd edək ki, 32 əfv sərəncamı və 7 amnistiya aktı 1995-2003-cü illərdə həyata keçirilib. Ölüm hökmünün ləğv olunması, əfv sərəncamlarının imzalanması və amnistiya aktlarının qəbulu ilə məhkumların azadlığa qovuşub cəmiyyət üçün faydalı şəxsiyyətə çevrilmələrinə şəraitin yaradılması Heydər Əliyev siyasətinin mühüm istiqamətlərindən biridir. Son amnistiya aktlarından 4-nün təşəbbüsçüsü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Qəbul olunmuş hər bir amnistiya aktını humanizm prinsiplərinin, ideyalarının qələbəsi kimi dəyərləndirən Mehriban xanım Əliyeva daim bildirir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulmuş bu siyasət nəticəsində minlərlə insan azadlığa buraxılaraq normal həyata qayıdıb və bu gün də bu ənənələr davam edir. Hər bir insan ləyaqətlə və azad yaşamağa layiqdir. Səhv etmiş, yolunu azmış insanlara həyatda yeni şans verməklə, bağışlayıb cəmiyyətimizə qaytarmaqla onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini başa düşüb doğru yola qayıtmağa kömək edilir. Mərhəmətlilik, geniş qəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilib”.V.Rəhimzadə bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin 16 mart 2019-cu il tarixli "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı ilə yüzlərlə məhkumun əfv olunması humanizm prinsiplərinə sadiqliyinin bir daha təsdiqidir: “Bu Sərəncam 431 nəfər məhkuma şamil olunub. Onlardan 399-u cəzasının çəkilməmiş hissəsindən azad edilib, həmçinin ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir neçə nəfərin cəzası yüngülləşdirilib. Bu mühüm məqamı da unutmayaq ki, əfv Sərəncamı təkcə 431 nəfərə deyil, həmin şəxslərin hər birinin ailəsinə, övladlarına, valideynlərinə bəxş olunan sevincdir ki, bu da ümumilikdə yüzlərlə insanın sevinci deməkdir".Baş redaktor əlavə olaraq vurğulayıb ki, bütün hüquqlarımız dövlət tərəfindən qorunur: “Hüquqlarımızla yanaşı, vəzifələrimizin də olduğunu unutmamalıyıq. Dövlətimiz üzərinə düşən məsuliyyəti qəbul etdiyi mühüm əhəmiyyətli dövlət proqramları, qanunlarla, imzalanan Fərman və sərəncamlarla gerçəkləşdirirsə, ölkə vətəndaşları da onların icrasına verdikləri töhfələrlə cavablandırmalıdırlar. Azərbaycan demokratiya yolunda inamla irəliləyir. Demokratik dəyərləri dünəninin, bu gününün və sabahının əsası kimi dəyərləndirən Azərbaycan davamlı addımları ilə bu reallığı da diqqətə çatdırır ki, atılan addımlar hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, uğurlu gələcək üçündür. "Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq" fikri ilə prioritetləri açıqlayan möhtərəm Prezidentimiz İlham Əliyev, eyni zamanda, bildirir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir, biri digərsiz mümkün ola bilməz”.

sia.az