"Vətəndaşların problemi prezidentin diqqəti və nəzarətindədir" RƏY-ÖZƏL

“Bildiyimiz kimi, xalqımızın əziz bayramı - Novruz ərəfəsində cənab Prezident İlham Əliyevin Sərəncam ilə 431 nəfər məhkum əfv olundu. Dövlətimizin başçısının humanist addımı sayəsində insanlara aydın və işıqlı sabaha inam duyğusu bəxş edən ümummilli bayramımız yüzlərlə ailənin evində ikiqat sevinclə qeyd olunacaq. Bu sərəncam həm də əfv olunan şəxslərin xoşbəxt gələcəyə, özlərinə olan ümidini artırdı. Ən əsası isə Prezidentimiz bu sərəncamla öz əməllərindən peşmanlıq hissi keçirən insanlara özlərini həyatda bir daha sınamaq imkanı verdi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Dilarə Cəbrayılova deyib.Deputat qeyd edib ki, hələ 2003-cü ilin prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində “Mən hər bir azərbaycanlının prezidenti olacağam” deyən, dövlət başçısı son 10 ay ərzində ikinci dəfə böyük və tarixi əfv sərəncamı imzalamaqla, bir daha vədinin, sözünün üstündə durduğunu nümayiş etdirdi:“Bu illər ərzində qazanılan uğurlar, əldə edilən nailiyyətlər təsdiq etdi ki, təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş humanizm və ədalət prinsipləri ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kimliyindən, tutduğu mövqedən asılı olmayaraq hər bir vətəndaşın dərdi-səri, qayğıları, problemləri Azərbaycan Prezidenti İlham Əliyevin diqqətində və nəzarətindədir. Yəni, dövlət başçısı heç bir azərbaycanlıya, heç bir Azərbaycan vətəndaşına fərq qoymadığını, hətta, səhvə, xətaya, cinayətə yol vermiş insanları belə bağışlamaq, əfv etmək iradəsinə və qüdrətinə malik olduğunu əməlləri ilə sübut etdi və etməkdədir.Bu gün hər bir azərbaycanlının prezidenti olan cənab İlham Əliyevə bu, son dərəcədə müdrik və humanist addımına görə minnətdarlığımı bildirir, azadlığa qovuşan insanlarımızı, onları yaxınlarını isə təbrik edirəm. Arzu edirəm və inanmaq istəyirəm ki, həmin insanlar onlara verilmiş bu tarixi şansı və fürsəti olduğu kimi və yaxşı şəkildə dəyərləndirəcək, bir daha səhvə, xətaya yol verməyəcəklər”.

sia.az