Dayanıqlı sosial-iqtisadi tərəqqi demoqrafik inkişafın əsas göstəricisidir

İlham Əliyev: “Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər”

Azərbaycanda son illər baş vermiş həm siyasi, həm də sosial-iqtisadi dəyişikliklər demoqrafik inkişafa ciddi təsirini göstərib. Demoqrafiya sahəsindəki siyasət dövlətimizin sosial siyasətinin mühüm və başlıca tərkib hissəsi olmaqla, onun əsasını təşkil edir. Demoqrafik proseslər cəmiyyətin həyatının bir çox tərəfləri ilə qarşılıqlı surətdə bağlı olduğundan, bu əlaqə sosial-iqtisadi hadisələrin demoqrafik proseslərə və öz növbəsində, demoqrafik proseslərin də sosial-iqtisadi hadisələrə təsirinin təzahürüdür.

Müasir dövrümüzdə insan inkişafının demoqrafik aspektləri bir sıra amilləri özündə cəmləşdirir. Belə ki, ölkəmizdə ölüm səviyyəsinin azaldılması, əhalinin sağlamlığının və həyatının yaxşılaşdırılması hesabına uzunömürlülük, nikah və boşanma proseslərinin, bütünlükdə, cəmiyyətin və ayrılıqda hər bir ailənin mənafeyinə uyğun tərzdə nizamlanması, ictimai tərəqqinin həm yaxın, həm də uzaq gələcəyə perspektivləri nəzərə alınmaqla, miqrasiya proseslərinin tənzimlənməsi və digər amillər ölkəmizdə demoqrafiyanın inkişafına təsirsiz ötüşməyib. Təbii ki, demoqrafiya sahəsində dövlət siyasətinin əsas prinsipləri kimi ekoloji cəhətdən təhlükəsiz və sabit iqtisadi inkişafın təmin edilməsi də qeyd olunan amillər sırasındadır.

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu islahatlar kursu ölkəmizdə dayanıqlı inkişafın təmin olunmasına imkan yaratmaqla bərabər və demoqrafiya sahəsində müsbət meyilləri də stimullaşdırıb. Bunun real təzahürü ölkə əhalisinin sabit artım tempinin davam etdirilməsində aydın şəkildə özünü göstərir. Əhalisinin sayı hər il sabit şəkildə artaraq 10 milyona çatan ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi, sosial siyasət davamlı xarakter almaqla demoqrafik inkişafa təkan verir. Belə ki, Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideynlərini təbrik ediblər. Bu, əlbəttə ki, hər bir azərbaycanlını fərəhləndirir. Bu, əlbəttə ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir.

Aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub. Azərbaycan, bir çox sahələrdə olduğu kimi, bu baxımdan da, nümunəvi ölkədir. Son vaxtlar, xüsusən, bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial sahədə inqilabi dəyişikliklər kimi qiymətləndirilən və hətta dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatları əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan verir. Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub- saxlanmasına əminlik yaradır.

2003-CÜ İLİN ƏVVƏLİNDƏN ÖLKƏ ƏHALİSİNİN SAYI 1 MİLYON 731 MİN NƏFƏR ARTIB

Dünyanın bir çox ölkəsində əhali sayında azalma müşahidə edildiyi halda, Azərbaycanda əhalinin artımı davam edir. Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası nəticəsində, bütün sahələrdə mühüm tarixi nailiyyətlərə imza atan, iqtisadi qüdrətini artıran, sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanı olan ölkəmizdə sosial rifah səviyyəsinin də, davamlı olaraq yaxşılaşması özünü göstərir. Bu amillər isə demoqrafik inkişaf üçün vacib şərtlər sırasındadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən qəzetimizə verilən məlumata istinadən, 2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faizdən çox və ya 1 milyon 731 min nəfər artıb. Azərbaycanda hər il doğulanların sayı artır, misal üçün 2018-ci ildə ölkədə 139 min doğulmuş körpə qeydə alınıb. Ölkəmizdə doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir. Müsbət miqrasiya saldosu davam edir. 2018-ci ildə daimi yaşamaq üçün ölkəmizə gələnlərin sayı gedənlərin sayından iki dəfədən çox olub. 2003-cü ildə ölkədə doğulanlarda gözlənilən ömür uzunluğu 72,3 yaş (o cümlədən, kişilər arasında 69,5 yaş, qadınlar arasında 75,1 yaş) idisə, 2018-ci ildə bu göstərici 75,6 yaşa (o cümlədən, kişilər arasında 73,1 yaşa və qadınlar arasında 77,8 yaşa) çatıb.

Əhalinin artımı qarşısında genişmiqyaslı tədbirlər görülür, yeni uşaq bağçaları və məktəblər, müalicə müəssisələri, idman kompleksləri istifadəyə verilir. Dövlət başçısı Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda bildirib: “Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər”.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanmaqla, ölkəmizdə davamlı demoqrafik inkişafın təmin edilməsi üçün əhali sakinliyi və demoqrafik inkişaf sahəsində yeni Dövlət Proqramı layihəsi hazırlanıb ki, layihədə ailə institutunun möhkəmləndirilməsi və ailə dəyərlərinin təbliği, ailələrə, xüsusilə, gənc ailələrə sosial-iqtisadi dəstəyin gücləndirilməsi, əhalinin reproduktiv sağlamlığının, habelə, ana və uşaqların mühafizəsinin gücləndirilməsi, həyat şəraitinin təhlükəsizliyinin yüksəldilməsi, miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsi kimi prioritet istiqamətlər müəyyən olunub.

Bununla yanaşı, dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” da mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətini müəyyən edir.

HƏYATA KEÇİRİLƏN TƏDBİRLƏR ƏHALİNİN SOSİAL MÜDAFİƏSİNİN GÜCLƏNDİRİLMƏSİNƏ HESABLANIB

Bu gün ölkəmizdə iqtisadi sabitləşmənin nəticəsi olaraq, sosial sahədə ciddi dəyişikliklərə verir.

Əlbəttə ki, iqtisadi sferada islahatlar prosesi dərinləşdikcə, dövlət vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı üzərinə yeni-yeni öhdəliklər götürür, sosialyönümlü siyasətin miqyasını daha da genişləndirir. Həyata keçirilən müxtəlif tədbirlər, islahatlar və maliyyə təminatının gücləndirilməsi sayəsində milli iqtisadiyyatımız 3,3 dəfədən çox artıb ki, bu da, dünya üzrə rekord göstəricidir. Son 16 ildə Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmış, qarşıya milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əhalinin sosial müdafiəsinə yeni yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi kimi tələblər qoymuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin son üç ayı ərzində imzaladığı fərman və sərəncamlar dövlətin yeni sosial paketinin işə başladığını göstərir. Dövlət başçısı İlham Əliyevin fevral ayında imzaladığı 8 Sərəncam, 4 Fərman sıravi vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb və bu tədbirlər sosial sahədə inqilabi dəyişikliklərin başladığını xarakterizə edir.

Dövlət başçısını minimum aylıq əməkhaqqının artırılması haqqında Sərəncamı olduqca mühüm dəyişiklik deməkdir. Sənədə əsasən, bu il martın 1-dən minimum əməkhaqqı 38,5 faiz (50 manat) artırılaraq, 130 manatdan 180 manata yüksəldi. Bu da, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda işləyən 600 min işçinin əməkhaqqının artması deməkdir. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım özünü göstərib. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Orta hesabla ölkəmizdə muzdla çalışan ümumi işçilərin 40 faizinin, büdcədən maliyyələşən sahələrdə isə 55 faizinin əməkhaqları artırılıb.

Təbii ki, tələbələr, magistrlar və doktorantlar da Cənab İlham Əliyevin məlum Sərəncamından yararlandılar. Dövlət başçısının qərarı ilə onlara verilən təqaüdlərdə də ciddi artım müşahidə olundu. Belə ki, əlaçı tələbələr martın 1-dən 210 manat təqaüd almağa başladılar. Xatırladaq ki, əvvəl bu kateqoriyadan olan tələbələrin təqaüdü 185 manat idi. “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sənədə əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı martın 1-dən 16 min vahid artırıldı. Həmçinin, təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq, 50 faizdən az olmayaraq müəyyənləşdirilib. Beləliklə, təqribən 100 minə yaxın tələbənin təqaüdü artırıldı. Bu, yalnız bu qədər tələbənin sosial vəziyyətini yaxşılaşdırmaq yox, onların ailələrinin maddi yükünün azalması deməkdir.

Nəzakət ƏLƏDDİNQIZI