Siyasət

  • 3 521

“Münaqişələrə son qoyulmalıdır" ÖZƏL - RƏY

image

"BMT-nin “2030-cu il Dayanıqlı İnkişaf Məqsədləri” çərçivəsində çoxtərəfli formatda aparılan danışıqlar ortaq məxrəcə gəlmək baxımından sevindirici nümunədir. Onun həyata keçirilməsi bütün maraqlı tərəflərin tam səfərbər olunmasını tələb edəcək". Bu fikirləri SİA-ya AŞPA-nın yaz sessiyasında keçirilən müzakirələrdə çıxışı zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.O, Ermənistanın işğalçılıq siyasətinin ağır və faciəvi nəticələrindən, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb. Bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərindən biri siyasi, iqtisadi və ictimai həyatda qadınların tam və effektiv iştirakı üçün bərabər imkanların təmin edilməsidir. "Bu barədə danışarkən son illər milyonlarla insanın həyatını məhv etmiş silahlı münaqişələr nəticəsində zərər çəkmiş qaçqınların və məcburi köçkünlərin yaşadıqlarını unutmamalıyıq. Xüsusilə də qadınlar mənfi təsirlərə məruz qalır, təəssüf ki, buna laqeyd münasibət olur. Silahlı münaqişələrin əsas təsirinə məruz qalan məcburi köçkün qadınlara və uşaqlara diqqət yetirmək, onların tələbatını ödəmək və yeni şəraitə uyğunlaşması üçün BMT-nin müvafiq proqramında yer alan məsələlərə diqqət yetirmək lazımdır. Azərbaycanın bununla bağlı təcrübəsi, eləcə də ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər digər ölkələrə müsbət nümunə ola bilər", - deyə S.Qafarova bildirib.Ermənistan dövlətinin işğalçılıq siyasəti və Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinin yaratdığı fəsadlara və ağır nəticələrə toxunan deputat qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində minlərlə azərbaycanlı, eləcə də qadınlar və uşaqlarımız öldürülüb, bir milyon vətəndaşımız öz doğma torpaqlarından və evlərindən didərgin salınıb, onlar qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olublar."Azərbaycan dövləti qaçqın və köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində çox genişmiqyaslı tədbirlər həyata keçirib. Ancaq buna baxmayaraq bu insanlar qaçqın, köçkün həyatı yaşayırlar. Təəssüf ki, bu, onların evlərinə qayıtmaq və ləyaqətlə yaşamaq hüququ təmin olunana qədər davam edəcək", - deyən deputat qaçqın və məcburi köçkün qadınların yaşadıqları problemlərdən söz açıb. Komitə sədrinin müavini vurğulayıb ki, bu problemlərdən biri reabilitasiya və inteqrasiya məsələləridir. Belə ki, qadın qaçqın və məcburi köçkünlərin münaqişə dövründə yaşadıqları zorakılıqların yaratdığı ciddi psixoloji travmalar sonrakı dövrdə onların həyatlarında mənfi fəsadlara yol açır. Bu, onların cəmiyyətə inteqrasiyasında da böyük çətinliklər yaradır."Müharibə zamanı törədilən cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması geniş inteqrasiya və reabilitasiya səylərinin uğurla təmin olunması üçün çox vacibdir. Başqa bir mühüm məsələ isə əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlıdır. Bir çox qadınlar müharibədə itirilmiş qohumlarının, ailə üzvlərinin yükünü bütün həyatları boyu daşıyırlar. Eyni zamanda, yüzlərlə azərbaycanlı qadın əsir və itkin düşüb. Azərbaycan dövləti neçə illərdir ki, beynəlxalq ictimaiyyətlə birlikdə həmin şəxslərin azad edilməsi istiqamətində çalışır. Silahlı münaqişələr zamanı qadınların müdafiəsinin təmin edilməsi çox vacibdir”, - deyə S.Qafarova diqqətə çatdırıb.Deputat qeyd edib ki, azərbaycanlı kənd qadınlarının böyük bir hissəsi münaqişə zonasında, cəbhə xəttinin yaxınlığında yaşayır, kütləvi hücumlara məruz qalırlar. Atəşkəs haqqında razılaşmaya baxmayaraq, bu qadınlar öz həyətlərində, bağlarında işləyərkən hələ də həyatlarını itirmə riski ilə üzləşirlər. Bu təhlükənin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Bunun üçün BMT-nin "2030-cu il Dayanıqlı İnkişaf Məqsədləri" proqramı çərçivəsində görüləcək işlərə diqqət yetirilməli, bu sual ətrafında düşünülməlidir.S.Qafarova qadınların davamlı sosial-iqtisadi inteqrasiyasını təmin etməyin vacibliyinə toxunaraq, bu istiqamətdə də geniş tədbirlər görülməsinin, qadınların iqtisadi imkanlarının genişləndirilməsinin, müxtəlif növ kreditlərin və mikromaliyyə imkanlarının təmin edilməsinin, qadınların bacarıqlarını nümayiş etdirməsi üçün müvafiq şərait yaradılmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, gender bərabərliyi ilə bağlı məlumatlandırma kampaniyaları qadınların siyasi, iqtisadi və sosial sahələrdə iştirakını təşviq etmək üçün çox vacibdir."2030-cu il Dayanıqlı İnkişaf Məqsədləri" qlobal bir çərçivədir. Hökumətlər, beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti bu Gündəliyi reallığa çevirmək üçün bir araya gəlməlidir. Bu məqsədə nail olmaq üçün münaqişələrin aradan qaldırılması üçün davamlı həllər tapmalıyıq”, - deyə nümayəndə heyətinin üzvü bildirib.

sia.az.

Digər xəbərlər