Nizami rayonunda dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin bir ilinin tamam olması münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Nizami rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin bir ilinin tamam olması münasibətilə tədbir keçirilib.

Tədbirin əvvəlində son bir il ərzində Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib.
Sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, ötən bir il Azərbaycan xalqının öz seçimində yanılmadığını, vətəndaşlarımızın siyasi şüurunun və seçmək qabiliyyətinin nə qədər yüksək olduğunu bir daha sübut etdi: “2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ötən illərdə misilsiz inkişaf yolu keçib, tarixi uğurlara imza atıb. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttini şəraitin tələblərinə uyğun olaraq yeniləşdirməklə davam etdirən Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrini əhatə edən bu dinamik inkişafa, hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşmasına və təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə, ölkəmizin maraqlarına cavab verən tarazlaşdırılmış xarici siyasətin yürüdülməsinə nail olub. Xalqımız ötən müddətdə əldə olunan uğurlara 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ən yüksək qiymətini verdi. Seçkilərin nəticələrinə əsasən İlham Əliyev səslərin 86,02 faizini toplayaraq növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçildi”.
Çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları son bir ildə də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində olub: “Bu müddətdə ölkəmizdə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Dövlətimizin başçısının seçkilər ərəfəsində yeni iqtisadi modelə keçidlə, iqtisadi və sosial sahədə islahatların aparılacağı ilə bağlı vədləri ardıcıl olaraq yerinə yetirilir. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev daim xalq ilə təmasda olur, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyir və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verir”.
“Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev qeyd edib ki, seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı oldu: “Dövlətimizin başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə ötən bir il ərzində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40 faiz artırıldı. Dövlətimizin başçısının 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə isə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. Bu ilin fevral ayının sonlarında imzalanan Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı ki, bu da 500 mindən çox məcburi köçkünün rifah halının yüksəldilməsinə xidmət edir. Həmçinin bu il 110 minədək tələbənin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu. Azərbaycan Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemli kredit məsələsini aradan qaldıracaq Fərman oldu. Dövlətimizin başçısı tərəfindən imzalanan daha bir Fərmanla isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafeyi təmin olundu. Son bir ildə sosial sahədə atılan bu mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir”.
Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov isə vurğulayıb ki, son bir ildə Prezident İlham Əliyev tərəfindən görülən işlər, ölkəmizin davamlı inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar göstərdi ki, ötən il aprelin 11-də keçirilən seçkilərdə Azərbaycan xalqının seçimi onun daha parlaq gələcəyini təmin etdi.
Digər çıxış edənlər Prezident İlham Əliyevin cari prezidentlik dövrünün ilk ili ərzində Azərbaycanın öz dinamik inkişafını təmin etdiyini və xalqımızın əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını bildiriblər. Dövlətimizin hərtərəfli inkişafı və xalqın sosial rifahının daha da gücləndirilməsi istiqamətində görülən işləri məqsədyönlü dövlət siyasətinin mühüm tərkib hissəsi hesab edən natiqlər son bir ildə ölkəmizdə ciddi institusional islahatların aparıldığını qeyd ediblər.

yap.org.az