Siyasət

  • 9 700

Azərbaycan uğurlu inkişaf yolunda!

image

Prezident İlham Əliyevin son addımları bu faktoru təsdiqləyir

Bu gün ölkəmizədə sosial siyasətin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir. Məhz vətəndaş amilinə, insan faktoruna qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir. Bu baxımdan, Prezident İlham Əliyev Cənablarının rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirilməsi, ilk növbədə, belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Söz yox ki, bu istiqamətdə də son 16 ildə mühüm və ardıcıl addımlar atılmaqdadır. O da, əbəs deyil ki, Cənab İlham Əliyev hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək, vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq.

Demək olar ki, hər il vətəndaşların əməkhaqlarının, pensiyaçıların təqaüdlərinin, aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əlillərinə, eyni zamanda, sağlamlığı məhdud olan vətəndaşlara verilən sosial müavinətlərinin artırılması da buna olan bariz sübutdur. Bu, Azərbaycanda insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan zəruri addım kimi qiymətləndirilir.

Misal üçün, Cənab İlham Əliyevin şəhid ailələrinə birdəfəlik yardımın verilməsi məsələsində bu yardımın bütün kateqoriyalara aid edilməsi barədə verdiyi qərarı, eləcə də, şəhid ailələrinin sosial həyatlarının daha da yaxşılaşdırılması üçün 35 milyon manatın ayrılması, habelə, bu ailələrə verilən təqaüdlərin 300 manata qədər artırılması qeyd edilən fikirlərin məntiqi və bariz təsdiqidir.

Ümumiyyətlə, Prezident İlham Əliyev Cənablarının, eyni zamanda, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyətləri hər bir azərbaycanlıda tükənməz qürur hissləri oyatmaqdadır. Bu, həm də, o deməkdir ki, Prezident İlham Əliyev bu fəaliyyəti ilə son 16 ildə hər bir azərbaycanlının Prezidenti olduğunu isbatlayıb. Qarşıya qoyulan bütün sosial-iqtisadi məqsədlərə nail olunub, bu işlər davamlı və intensiv xarakter alıb. Ümumiyyətlə, inkişaf edən ölkəmizdə sosial siyasət həyatımızın bütün sahələrinə böyük təsirini göstərməkdədir. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək növbəti tədbirlər, nəhəng layihələr respublikada əhalinin sosial vəziyyətinin getdikcə daha da yaxşılaşması üçün əsaslı zəmin yaradır.

Çox önəmli faktdır ki, hər il ölkəmizin başçısının imzaladığı fərman və sərəncamların 65 faizi, məhz sosialyönümlüdür.

Dövlət siyasətində

xalq-dövlət birliyi

Ümumiyyətlə, ölkə Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu son 16 il müddətində daima xalqla birbaşa təmasda olub. İstər xarici siyasətlə bağlı fəaliyyətdə, istərsə də daxili idarəetmədə Prezident İlham Əliyev sadə vətəndaşlara söykənir: “Mən bütün azərbaycanlıların Prezidentiyəm” şüarını gerçəyə çevirir.

Xüsusilə, qeyd etmək lazımdır ki, son 16 ildə hər il yeni iş yerlərinin açılması, yeni istehsalat müəssisələrinin və emal zavodlarının yaradılması artıq bir ənənə halını almışdır. Belə ki, bu dövr ərzində, işsizlik və yoxsulluq 49 faizdən 4,5 faizə düşmüşdür. Ölkədə minlərlə yeni müəssisə yaradılmaqla, 1 milyon 700 minədək yeni iş yeri açılmışdır. 3 mindən çox məktəb, altı yüzdən çox tibb ocağı tikilmiş və ya əsaslı şəkildə təmir edilmişdir. Bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, sosial və mədəniyyət obyektləri inşa edilmiş, Gənclər Evi, Tarix-Diyarşünaslıq muzeyləri, digər çoxsaylı sosial və mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmiş, yeni parklar, istirahət mərkəzləri yaradılmış və s. tədbirlər həyata keçirilmişdir. Ən önəmli məsələlərdən biri də ölkədəki qazlaşdırmanın son 7 ildə 51 faiz səviyyəsindən 93 faizə qalxmasıdır ki, bu ilin sonunadək bu göstəricinin 95 faizə yüksəldilməsi planlaşdırılır. Bu dövrdə, hətta sovetlər dönəmində qaz verilməyən yaşayış məntəqələri qazlaşdırılmışdır. MDB məkanında yeni yolların ən çox çəkilişinə görə də öndəyik. Son bir neçə ildə 11 min kilometrdən çox avtomobil yolu tikilmiş, təkcə magistral və şəhərlərarası yollar deyil, həmçinin, kəndlərarası yollar ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulmuşdur.

Bir sözlə, Azərbaycan dövlətinin sosial inkişaf sahəsində əldə etdiyi uğurlu nəticələr, deməyə əsas verir ki, Azərbaycan uğurlu inkişafdadır. Ən başlıcası isə, qazanılan iqtisadi uğurlar sosial siyasətin genişlənməsinə yeni imkanlar yaradır. Çox qürurverici ənənədir ki, həyata keçirilən sosial siyasət tamamilə Azərbaycan vətəndaşının həyatını müsbət istiqamətdə dəyişdirməyə, insanların özlərini güvənli hiss etməyə sövq edir. Qətiyyətlə bildirmək olar ki, Cənab İlham Əliyevin yeritdiyi kurs, nəinki böyük hərflərlə qeyd ediləcək İSLAHAT-dır, hətta islahata inqilabi yanaşma nümunəsidir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər