İLHAM ƏLİYEV -XALQIN PREZİDENTİ!

Bu gün dünyaya təqdim edilən inkişaf və tərəqqi modelinin Azərbaycan brendi, bilavasitə Prezident İlham Əliyev Cənablarının yorulmaz, qətiyyətli və möhkəm iradəyə söykənən siyasətinin isbatıdır

Fransanın “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusu istər Azərbaycanda, istərsə də beynəlxalq aləmdə Prezident İlham Əliyevin uğurlu fəaliyyətinə verilən yüksək qiymət kimi tərənnüm edilməkdədir. Belə ki, ölkəmizdə bütün sahələrdə əldə edilən uğurlar, aparılan islahatlar və bu islahatların inqilabi nəticələr əldə etməsi, söz yox ki, bilavasitə Cənab İlham Əliyevin yürütdüyü siyasətin bariz sübutdur. Əbəs deyil ki, yalnız “Opinion Way” şirkəti deyil, zaman-zaman digər nüfuzlu sorğu şirkətlərinin gəldikləri qənaətlərində dövlət başçımızın siyasi, sosial, iqtisadi və s. sahələrdə əldə etdiyi uğurları, o cümlədən, xalqın Onun siyasətini dəstəkləməsi faktları özünü kifayət qədər sübuta yetirib.

Azərbaycanda Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən siyasi strategiya, ilk növbədə, sabitliyi təmin edib, onun ardınca isə, inqilabi islahatlara başlanılıb

Prezident İlham Əliyevin öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq edən sorğunun nəticələri, həm də belə deməyə zəmin yaradır ki, Azərbaycanda sabitlik və inkişafın mövcudluğu xalqın marağına cavab verən danılmaz gerçəklikdir. Artıq bəllidir ki, soğruda iştirak edən respondentlərin 80,1%-i ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub-saxlanılmasını dövlət başçısının fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndiriblər. Xatırlatmaq yerinə düşərdi ki, sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?” sualına respondentlərin 85,1%-i, seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair suala isə 75,6%-i müsbət münasibət bildiriblər ki, bu da yüksək göstərici kimi qiymətləndirilib. Beləliklə, ümumiləşmiş orta nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, İlham Əliyev ölkə seçicilərinin 83-85 faizinin səsini qazana bilər. Bu, birbaşa Azərbaycan xalqının gəldiyi qənaətdir ki, “Opinion Way” şirkəti bu rəyi dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Burada diqqətçəkici məqamlardan biri də, dünyaya təqdim olunan müasir, inkişaf və tərəqqi yolunu gedən Azərbaycan modelidir. Çünki çoxsaylı təcrübələrdən uğurla çıxan bu model təməlli olaraq, sabitliyin qarantı olaraq dəyərləndirilir. Əbəs deyil ki, bu gün bir çox siyasilər öz çıxışlarında, xüsusilə, vurğulayırlar ki, əgər ölkədə sabitlik olmazsa, inkişafdan danışmağa, bu istiqamətdə fəaliyyət göstərməyə dəyməz. Məhz Azərbaycanda təmin edilən sabitlik nəticəsində, inkişaf çoxşaxəli şəkildə davam etdirilməkdədir. Bu baxımdan, deyə bilərik ki, Azərbaycanda İlham Əliyev Cənabları tərəfindən müəyyənləşdirilən siyasi strategiya, ilk növbədə, sabitliyi təmin edib, onun ardınca isə, inqilabi islahatlara başlanılıb. Bu islahatlar iqtisadi inkişafdan, daxili siyasətdən başlayaraq, xarici siyasətə qədər mövcuddur və ölkəmizi nəhəng trayektoriya ilə beynəlxalq aləmdə də əhatə edir. Təbii ki, atılan hər bir addım xalqın rifahı və xoşbəxtliyi naminədir.

Əli Həsənov: “Prezidentin islahatlar strategiyasının başlıca məqsədi ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi, demokratik dəyərlərin inkişafı və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi təşkil edir”

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sorğunun nəticələri və yenidən ölkə başçısı seçilməsinin birinci ildönümü ilə bağlı fikirlərini açıqlayarkən, vurğulayıb ki, dövlət başçımız yeni Prezidentliyi dönəminin ilk ilində həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətlə ölkəmizin inkişafının, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədləri vaxtında və yüksək səviyyədə yerinə yetirib. “Azərbaycanın əldə etdiyi uğurlar xalqımızın bir il bundan əvvəl keçirilən prezident seçkilərində Cənab İlham Əliyev kimi uzaqgörən siyasi lideri dəstəkləməklə, düzgün mövqe tutduğunu bir daha sübut edir” deyə qeyd edən Prezidentin köməkçisi vurğulayıb ki, Cənab İlham Əliyevin seçkilərdə yenidən qələbə qazanmasının əsasında Azərbaycanın son 16 il ərzində onun rəhbərliyi altında dinamik inkişaf dövrünü yaşaması, ölkəmizin qarşısında dayanan vəzifələrin uğurla icra edilməsi kimi ciddi amillər dayanır: “Prezidentin islahatlar strategiyasının başlıca məqsədi ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi, demokratik dəyərlərin inkişafı və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi təşkil edir. Həyata keçirilən sosial təminat paketi ölkədə sosial müdafiə sisteminin gücləndirilməsi sahəsində atılan mühüm addımdır. Ötən bir ildə iqtisadiyyatın dayanıqlığının təmin edilməsi, onun rəqabətə davamlılığının artırılması məqsədilə ardıcıl tədbirlər davam etdirilmiş, iqtisadi və maliyyə sektorlarında maksimum şəffaflığın təmin olunması istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycanın liderliyi ilə və yaxından iştirak etdiyi nəhəng transmilli layihələrin reallaşması Avrasiyanın enerji və nəqliyyat xəritəsində ciddi dəyişikliklər yaratmışdır. Ötən bir il ərzində, ölkənin sosial-mədəni xidmət sahələrində və təsərrüfat infrastrukturunda mühüm yeniliklər baş vermiş, turizm infrastrukturu ən müasir standartlara uyğunlaşdırılmışdır. Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin sayəsində Azərbaycanın dünya dövlətləri və beynəlxalq güc mərkəzləri ilə səmərəli, işgüzar və bərabərhüquqlu münasibətləri daha da möhkəmlənmişdir”.

“Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusu xarici kütləvi informasiya vasitələri tərəfindən də işıqlandırılır, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti dünyanın diqqət mərkəzindədir!

“Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusu xarici kütləvi informasiya vasitələri tərəfindən maraqla qarşılanmış və geniş işıqlandırılmışdır. Artıq bir neçə gündür ki, Rusiya, Türkiyə və ərəb ölkələrinin bir çox nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin uğurlarını şərh etmiş və bu siyasətin xalqın böyük dəstəyinə malik olduğunu xüsusi vurğulayırlar.

TÜRKSOY baş katibinin müavini Fırat Purtaş qeyd edib ki, Azərbaycanda əhalinin təbii artımındakı dinamik inkişaf dövlətlərimizin gücünə güc qatır. Bu, Prezident İlham Əliyevin müdrikcəsinə düşündüyü neft kapitalını insan kapitalına çevirmək strategiyasının təntənəsidir.

Beləliklə, bütün reallıqlar bir amili əks etdirir - bu gün dünyaya təqdim edilən inkişaf və tərəqqi modelinin Azərbaycan brendi, bilavasitə Prezident İlham Əliyev Cənablarının yorulmaz, qətiyyətli və möhkəm iradəyə söykənən siyasətinin isbatıdır. Azərbaycan xalqı isə, məhz xalq-dövlət sarsılmaz vəhdətinə sadiqlik nümayiş etdirərək, bu inkişafa bundan sonra da dəstək göstərəcək.

Rövşən NURƏDDİNOĞLU