"Paşinyan xalqın inamını itirməkdə davam edir" ÖZƏL-RƏY

“Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbə meyillənməsi ermənilərin hər yerdən faydalanmaq üçün yeritdiyi siyasətin tərkib hissəsidir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Deputatın sözlərinə görə. ermənilər tarixən böyük ölkələrə yaltaqlanmaqla dolanıblar: "Bu, təkcə Paşinyanla bağlı deyil, ümumiyyətlə, tarixə nəzər salsaq görərik ki, özlərini millət adlandırmağa çalışan erməni toplumu tarixin bütün dövrlərində müəyyən qüvvələrdən bəhrələnməyə cəhd edib. Ermənilər hamıdan xeyir görmək üçün müxtəlif variantlara əl atıblar. Onsuz da Ermənistanın iqtisadiyyatını, müdafiəsini, siyasətini Rusiya müəyyən edir".O əlavə edib ki, N.Paşinyan Qərbə meyillənməklə Rusiyaya təzyiq göstərmək, asılılığı azaltmaq istəyir: "O Rusiya ki, Ermənistanın sərhədlərini, hava məkanını qoruyur, ölkə iqtisadiyyatının 80 faizindən çoxu əlində cəmləşib. Lakin Paşinyan Qərbdən həm maliyyə, həm də diplomatik dəstək almaq istəyir. Lakin Paşinyan hələ bir dövlət rəhbəri kimi, siyasətçi kimi formalaşmadığından atacağı addımların hansı nəticə verəcəyini bilmir. Paşinyan xaricdəki bir sıra müəyyən qüvvələr tərəfindən idarə olunur, diktə ilə hərəkət edir. Paşinyan xalqın ona olan inamını itirməkdə davam edir".

sia.az