Siyasət

  • 3 920

Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir

image

“Bu gün Azərbaycanda tibbi xidmət pulsuz həyata keçirilir. Dövlət xəstəxanalarında vətəndaşların qəbulu və müayinəsi tamamilə ödənişsizdir. Amma bir çox xəstəliklərdən irəli gələn əməliyyatlar və ya müalicələr var ki, onlar əsasən, özəl klinikalarda reallaşdırılır və müəyyən məbləğ tələb edir. Bu səbəbdən də, vətəndaşların tibbi sığortadan istifadəsi getdikcə günümüzün tələbinə çevrilir”. Bu fikirləri yap.org.az saytına müsahibəsində YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir. Çünki, insanlar üçün hər şeydən önəmli onların səhhətidir. İnsan sağlamlığında elə problemlər yarana bilər ki, o zaman ağır əməliyyatların keçirilməsi qaçılmaz olar. Məhz, sağlamlığın qorunması və insanın daim gümrah qalması üçün tibbi müayinə vacibdir. Amma, bunun digər tərəflərini də mütləq nəzərə almaq lazımdır. Əgər vətəndaşlarımız tibbi sığortadan istifadə edərsə, o zaman onların hər hansı bir instansiyaya müraciət etmədən səhhətindəki problemləri aradan qaldırmasına imkanı olacaq.
“Qeyd edim ki, ötən il “Tibbi sığota haqqında” qanuna mühüm yeniliklər edildi. Və gələn ildən Azərbaycanda tam tətbiqi planlaşdırılır. Bununla da, 1999-cu ildən səhiyyə gündəmini zəbt edən bir problemin həll ediləcəyi güman edilir. Bu sığorta növünün tətbiqinin yalnız səhiyyə deyil, eyni zamanda, digər sektorlara o cümlədən əhalinin xərclərinin strukturuna da müsbət təsirləri var. İcbari sığortanın tətbiq edilməsi səhiyyənin maliyyələşdirmə bazasını dəyişməklə bu sahədəki neqativ halların azaldılmasına səbəb olacaq. Bu sisteminin tətbiqi sığorta şirkətlərinin gəlirlərinin artmasına gətirib çıxaracaq. Eləcə də sözü gedən islahat vətəndaşların səhiyyə xərclərinin azalması səbəbindən pullarına qənaət etməsinə və o cümlədən, az təminatlı və ya işsiz statusu olan insanların səhiyyə xidmətindən yararlanmasına imkan yaradacaq. Bir sözlə, icbari tibbi sığorta bütün vətəndaşların məcburi olaraq sığorta olunması deməkdir. Vətəndaş isə səhiyyə xidmətinə ehtiyacı olan, daha aydın desək xəstələnən zaman sığorta sənədini göstərməklə pulsuz olaraq müalicə oluna biləcək”-deyə, S.Vəliyeva qeyd edib.

yap.org.az

Digər xəbərlər