Siyasət

  • 3 746

Sözü ilə əməli vəhdət təşkil edən LİDER

image

“Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusu Prezident İlham Əliyevin yenə də xalqın yüksək etimadına malik olduğunu təsdiq etdi

Görülən hər bir iş, atılan hər bir addım, Azərbaycan dövlətinin uğurlu inkişafı və xalqın rifahının yaxşılaşmasına xidmət edir. Bu gün Azərbaycanın daha güclü olması üçün ardıcıl uğurlu siyasəti davam etdirmək, son 16 ildə görülən işlərin uğurlu nəticələri bir daha təsdiqləyir. Eyni zamanda, görülən işlərə xalq tərəfindən yüksək qiymət verilməsi ilə yanaşı, Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu Prezident İlham Əliyevin yenə də xalqın yüksək etimadına malik olduğunu təsdiq etdi.

Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair “Opinion Way”in sualına respondentlərin, bütövlükdə, 75,6 faizi müsbət cavab verib. Bu nəticəni sosioloqlar onunla izah edirlər ki, Azərbaycan Prezidenti daim öz xalqı ilə birbaşa təmasdadır və Onun sözü ilə əməli indiyə qədər daim vəhdət təşkil edibdir.

Öz dinamik inkişafını təmin edən Azərbaycan

Bu vədlərin ardıcıl yerinə yetirilməsi nəticəsində Azərbaycan son 16 ildə öz dinamik inkişafını təmin edib, mühüm transmilli enerji və nəqliyyat layihələrini icra edib, planetin azsaylı kosmik dövlətləri sırasına daxil olub, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin əsaslı inkişafına nail olunub. Əhalinin rifahı durmadan yüksəlib, ölkədə 3 milyon insanı əhatə edən böyük sosial paketin həyata keçirilməsinə başlanılıb. Cəmiyyəti düşündürən istənilən məsələdə Prezident xalqla həmrəylik nümayiş etdirib və irəli sürülən məsələlərin həlli ilə bağlı operativ tədbirlər həyata keçirib.

“Opinion Way”in “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi, bütövlükdə, müsbət cavab verib. Məsələ ondadır ki, əksər beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları son bir ildə Azərbaycanda gedən sosial-iqtisadi prosesləri, həyata keçirilən islahat kursunu böyük maraqla izləyir və çox müsbət səciyyələndirirlər. Dünya Bankının “Doing Business” hesabatında da Azərbaycan hazırda dünya miqyasında 25-ci yerdə qərar tutub. Aparıcı beynəlxalq reytinq agentlikləri Azərbaycanın sosial-iqtisadi və maliyyə durumunu yüksək qiymətləndirir. Odur ki, Prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarını əks etdirən sosial-iqtisadi siyasətinin ölkə əhalisi tərəfindən bəyənilməsi tam təbii hesab olunmalıdır.

Ekspertlərin fikrinə görə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi struktur və kadr islahatları dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli istiqamətində ciddi addım olub. Təsadüfi deyil ki, son zamanlar keçirilən bütün sorğularda Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlər yüksək qiymətləndirilib.

Kompleks xarakter daşıyan islahatlar

Prezidentin ötən bir illik fəaliyyətini qiymətləndirməyə imkan verən ən mühüm məsələlərdən biri bu ilin fevral ayından vətəndaşların rifahının daha da yüksəldilməsi ilə bağlı verilən qərarlar oldu. Bir daha təsdiq olundu ki, əhalinin sosial rifahının gücləndirilməsi ölkədə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Xüsusilə, Prezidentin imzaladığı sərəncamlar göstərdi ki, islahatlar kompleks xarakter daşıyır və atılan hər bir addımın mərkəzində Azərbaycan vətəndaşının etibarlı sosial təminatı dayanır. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti nəticəsində Azərbaycan qarşısında dayanan hədəflərə və müəyyən etdiyi məqsədlərə doğru inamla irəliləyir. Şübhəsiz, bu dəyişikliklərin memarı Möhtərəm Prezidentimiz İlham Əliyevdir.

Beləliklə, göründüyü kimi, “Opinion Way”in sorğusuna respondentlərin verdiyi cavablar Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir. Azərbaycan seçicisi Prezident İlham Əliyevə alternativ görmür.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər