"Azərbaycanla yüksək əlaqələr qurmaq Ukrayna üçün faydalıdır" RƏY-ÖZƏL

“Əslində Ukraynada keçirilən seçkilərlə bağlı gözləntilər fərqli idi. Poroşenkonun seçkilərdə qalib gələcəyini düşünsək də bu baş vermədi. Səsvermədə seçki təcrübəsinə malik olmayan, cavan, millət etibarı ilə qeyri-slavyan biri olan Zelinski üstünlük qazandı”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.O bildirib ki, Zelinski ruspərəst biri kimi xarakterizə edilir: “Onun işğal şəraitində yaşayan Ukraynanın idarəetməsi ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Hazırda bu suallara cavab vermək kifayət qədər çətindir. Çünki televiziyada aparıcı olaraq çalışan birinin uğurlu dövləti idarəetməsi ilə bağlı fikir söyləmək asan deyil. Hər halda dövləti idarə etmək televiziyada çalışmaq deyil”.Politoloqun fikrincə, Ukraynada seçkilərin nəticəsi gələcəkdə bu ölkəyə həm təhlükələr, həm də uğur gətirə bilər.Azərbaycan-Ukrayna münasibətlərinə gəlincə Q. Hüseynli söyləyib ki, seçkilərdən sonra iki ölkə arasında əlaqələrin yenidən qurulmasına ehtiyac yarana bilər.Onun sözlərinə görə, Azərbaycanla yüksək əlaqələr qurmaq Ukrayna üçün faydalı ola bilər: “ Bildiyiniz kimi Rusiya onlara verilən nefti kəsib. Azərbaycanla münasibətlərin yüksək səviyyədə qurulması onların neftlə təminatına da müsbət təsir göstərə bilər. Hesab edirəm ki, iki ölkə arasında əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Seçkilərin nəticələri Ukrayna xalqının istəyini xarakterizə edir. Azərbaycan da buna hörmətlə yanaşır”.“Ukraynanın yeni seçilən prezident Zelinskinin nə Donbas, nə də Krım məsələsində tezliklə ölkənin ərazi bütövlüyünü təmin edə biləcək qədər uğurlu siyasət həyata keçirmək qüdrətinə malik olduğunu görmürəm. Bunun gələcək göstərəcək. Ukrayna bu seçkilərdən sonra köhnə ərazilərinə yiyələnə və ya əksinə yeni ərazilər itirə də bilər”, - deyə Q. Hüseynli əlavə edib.Qeyd edək ki, ötən gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Son nəticələrə görə, MSK səslərin 90,25 faizini hesablayıb. Nəticələrə əsasən, Vladimir Zelenski 73,18 faiz səs, P. Poroşenko isə 24,49 faiz səs toplayıb.

sia.az.