Cavanşir Paşazadə: Qazanılan nailiyyətlərin başlıca səbəbi dövlət başçısının həyata keçirdiyi siyasətin milli maraqlarımıza xidmət etməsidir

“Bu gün Azərbaycan dünyanın nüfuzlu ölkələri sırasındadır. Uğurlu daxili və xarici siyasət, ölkəmizin müəllifi və təşəbbüskarı olduğu olduğu transmilli layihələrin uğurla reallaşması Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirir”. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
C.Paşazadə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadi gücü artır, əhalinin sosial rifahı yüksəlir, ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilir. Onun sözlərinə görə, əldə olunan nailiyyətlərin başlıca səbəbi xalq-Prezident birliyi, dövlət başçısının həyata keçirdiyi siyasətin milli maraqlarımıza xidmət etməsidir.
“Məlumdur ki, son 15 ildə Azərbaycan iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətədavamlı ölkəyə çevrilib. Ölkəmizin iqtisadi gücünün artması sosial müdafiə sisteminin gücləndirilməsində də özünü ehtiva edir. Belə ki, cənab Prezidentin müvafiq Fərman və sərəncamları ilə insanların sosial rifahının yüksəldilməsi məqsədi ilə davamlı olaraq tədbirlər həyata keçirilir. Bütün bunlar isə ölkəmizdə vətəndaş məmnunluğunu daha da artırır. Bütün bunlar göstərir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük etimad göstərir, Onun siyasətini birmənalı olaraq dəstəkləyir. Fransanın nüfuzlu “Opinion Way” şirkətinin bu yaxınlarda keçirdiyi sorğu bunu bir daha təsdiq etdi”-deyə, C.Paşazadə vurğulayıb.
Millət vəkili söyləyib ki, Azərbaycanın uğurları, əldə olunan nailiyyətləri bəzi dairələri narahat edir. Bu qüvvələrin zaman-zaman ölkəmizə qarşı qara piar kampaniyası apardığını deyən C.Paşazadənin fikrincə, burada məqsəd Azərbaycanın nüfuzuna zərbə vurmaqdır. O qeyd edib ki, bu kampaniyanı erməni lobbisi, xaricdəki bəzi anti-azərbaycançı qüvvələr təşkil edir. Eləcə də, onların ölkəmizdəki əlaltıları bu prosesdə iştirak edirlər.
“Onların sifarişlərini yerinə yetirən “Trensparency İnternational”, “Amnisty İnternational” və digər bu kimi qurumlar ölkəmiz haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməyə, ölkə daxilində “5-ci kolon” vasitəsilə ictimai narazılıq formalaşdırmağa cəhd göstərirlər. Amma bunlar heç bir nəticə verməyəcək. Çünki indiyə qədər dəfələrlə belə cəhdlər olub və hər dəfə iflasa uğrayıb. Azərbaycan cəmiyyətini bu cür kampaniyalarla aldatmaq mümkün deyil və ictimaiyyət hər zaman bu ünsürlərin laqyiqli cavabını verəcək”-deyə, deputat vurğulayıb.

yap.org.az