Dövlətimizin sosial siyasətinin başlıca hədəfi əhalinin rifahının təminatıdır

Prezident İlham Əliyevin növbəti sərəncam və fərmanları əhalinin sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb

Hər bir cəmiyyətin tərəqqisinin əsas məqsədləri sırasında yer alan sosial rifah və onun daim yüksələn xətt üzrə inkişafına nail olunması müasir dövrdə ən vacib vəzifələrdəndir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişinin təmin edilməsi prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Bildiyimiz kimi? 2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil olub. Bu addımlar planlı, Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafına, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq, həyata keçirilir.

Ölkəmizdə iqtisadi sferada islahatlar prosesi dərinləşdikcə, dövlət vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı üzərinə yeni-yeni öhdəliklər götürür və sosialyönümlü siyasətin miqyasını daha da genişləndirir. Həyata keçirilən müxtəlif tədbirlər, islahatlar və maliyyə təminatının gücləndirilməsi sayəsində milli iqtisadiyyatımız 3,3 dəfədən çox artıb ki, bu da, dünya üzrə rekord göstəricidir. Son 16 ildə Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmış, qarşıya milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əhalinin sosial müdafiəsinə yeni yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi kimi tələblər qoymuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin son üç ayı ərzində imzaladığı fərman və sərəncamlar dövlətin yeni sosial paketinin işə başladığını göstərmiş oldu. Dövlət başçısı İlham Əliyevin fevral ayında imzaladığı 8 Sərəncam, 4 Fərman sıravi vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb və bu tədbirlər sosial sahədə inqilabi dəyişikliklərin başladığını xarakterizə edir.

Dövlət başçısının minimum aylıq əməkhaqqının artırılması haqqında Sərəncamı olduqca mühüm dəyişiklik deməkdir. Sənədə əsasən, bu il martın 1-dən minimum əməkhaqqı 38,5 faiz (50 manat) artırılaraq, 130 manatdan 180 manata yüksəldi. Təbii ki, tələbələr, magistrlar və doktorantlar da Cənab İlham Əliyevin məlum Sərəncamından yararlandılar. Dövlət başçısının qərarı ilə onlara verilən təqaüdlərdə də ciddi artım müşahidə olundu. Belə ki, əlaçı tələbələr martın 1-dən 210 manat təqaüd almağa başladılar.

Prezident “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalayaraq, bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasının təmin edilməsi barədə göstəriş verildi və pensiyaların artırılması ilə bağlı çox ciddi qərar qəbul edildi. Beləliklə, minimum pensiya 38,5 faiz artırılaraq, 116 manatdan 160 manata çatdırıldı.

BİR SIRA

KATEQORİYALARDAN OLAN VƏTƏNDAŞLARIN SOSİAL MÜAVİNƏTLƏRİ VƏ PREZİDENT

TƏQAÜDLƏRİ ARTIRILIB, YENİ TƏQAÜD NÖVLƏRİ TƏSİS OLUNUB

Prezident İlham Əliyevin yeni sərəncam və fərmanlar ilə aprelin 1-dən müavinət və təqaüdlərin ciddi şəkildə artırılması, yeni təqaüd növlərinin də təsis edilməsi təmin olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 aprel 2019-cu il tarixdə imzaladığı sərəncam və fərmanlar bir sıra kateqoriyalardan olan vətəndaşlara sosial müavinətlərin və Prezident təqaüdlərinin aprelin 1-dən orta orta hesabla 100 faiz artırılmasını, yeni təqaüd növlərinin təsis olunmasını təmin edir. Bu sənədlər dövlət başçısının uğurlu sosial islahatlar paketinin növbəti nailiyyəti olmaqla, əhalinin, xüsusilə, həssas qruplardan olan vətəndaşların rifah halının yaxşılaşdırılmasında əhəmiyyətli addımın atılması deməkdir. Belə ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 aprel 2019-cu il tarixli Fərmana əsasən, aprelin 1-dən əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar”, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar”, “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə, aylıq müavinətin məbləği I dərəcə əlilliyi olan şəxslər üçün 150 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 130 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 110 manata, uşağın anadan olmasına görə birdəfəlik müavinət isə 200 manata çatdırılır.

Aylıq müavinətin məbləği yaşa görə müavinət alanlar üçün 130 manat, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 150 manat, ailə başçısını itirməyə görə 80 manat (hər nəfər üçün), müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqları üçün 100 manat (hər uşaq üçün), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları üçün (himayəçilərinə) müavinət 100 manat, dəfn üçün birdəfəlik müavinət 300 manat müəyyən olunub. İmzalanan digər bir Fərmanla isə beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği 55 manata (hər uşaq üçün) çatdırılır.

SOSİAL MÜAVİNƏT VƏ TƏQAÜDLƏRİN

VERİLMƏSİNƏ

YÖNƏLDİLƏN İLLİK

VƏSAİT 2 DƏFƏ

ARTIRILACAQ

Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixli digər Fərmanında isə I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilməsi və onun aylıq məbləği 50 manat müəyyən olunması nəzərdə tutulur. Bu Fərmanda həmin təqaüdün 2019-cu il aprelin 1-dək I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmuş qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə və təqaüdü almaq hüququ olan şəxslərdən yalnız birinə ödənildiyi qeyd olunur.

“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli Fərmanda isə müharibə veteranlarına Prezidentin aylıq 80 manat məbləğində təqaüdünün təsis olunması tapşırılır. Fərmanda qeyd olunur ki, bu təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə, döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.

Beləliklə, imzalanan sərəncam və fərmanlar 600 minədək şəxsin, o cümlədən, 300 min əlilliyi olan şəxsin sosial müavinətlərinin, Prezidentin aylıq təqaüdlərinin ciddi şəkildə artırılmasını, əlavə olaraq, bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdlərinin təsis olunması ilə sosial təminat sisteminin əhatə dairəsinin daha da genişlənməsini nəzərdə tutur.

Qeyd olunan məqsədlər üçün, əlavə olaraq, illik 400 milyon manat ayrılmaqla, sosial müavinət və təqaüdlərin verilməsinə yönəldilən illik vəsait 2 dəfə artırılacaq.

Bütün bu addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Ölkədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində, göründüyü kimi, əhalinin, onun müxtəlif, o cümlədən, aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlib.

Nəzakət ƏLƏDDİNQIZI