"Azərbaycanı sınaq meydanına çevirmək mümkünsüzdür" RƏY-ÖZƏL

“Anti-azərbaycan təxribatçı və düşmən qüvvələrin ölkəmizə qarşı kampaniya xarakterli fəaliyyəti yenidən qızışır. Artıq Azərbaycan ictimaiyyəti qabarıb çəkilən dalğalar üzrə baş verən qaralama kampaniyalarının əsas motivini, səbəb və hədəflərini çox yaxşı anlayır. Hamı bilir ki, Azərbaycanın inkişafı, güclənməsi və beynəlxalq platformalarda söz sahibinə çevrilməsi ölkəmizə qarşı qara niyyətli fəallaşmaların əsas səbəbinə çevrilir”.

Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.O bildirib ki, belə kampaniyalarda erməni lobbisi, xaricdəki bəlli siyasi mərkəzlər və azərbaycanlı mühacirlərin kiçik bir hissəsinin sinxron şəkildə əlaqəli fəaliyyət göstərməsi təəssüfləndirici nüanslardan biridir: “Məqsəd Azərbaycanın inkişafını ləngitmək və onu zəif duruma düşürməkdir. Birləşmiş düşmən qüvvələr bilir ki, güclü Azərbaycanı idarə etmək və müxtəlif planların müti icraçısına çevirmək mümkünsüzdür. Azərbaycanın zəif olması bu gün Ermənistan və onun lobbiçi dairələrinin daha çox marağında olan məsələdir. Zəif Azərbaycandan Qarabağı qoparmağın asan olması xaricdə ölkəmizə qarşı işləyən kampaniyaların rəhbər tutduqları əsas tezisdir. Bu tezis göstərir ki, bu gün belə kampaniyalara qoşulan xaricdəki antimilli və daxildəki bəzi qüvvələr tək Azərbaycan hakimiyyətinə yox, dövlətçiliyimizə və hər bir vətənpərvər azərbaycanlıya qarşı yönəlmiş mövqe tuturlar”.A. Quliyev söyləyib ki, anti-Azərbaycan kampaniyalarının bir hədəfi də ölkədə cəmiyyət-hakimiyyət anlaşmasını pozmaqdır: “Son bir ildə xüsusilə gücləndirilən sosial müdafiə siyasətinin də hədəfə alınması və gözdən salınması kampaniyalarının məqsədi hakimiyyət-cəmiyyət anlaşmasına zərbə vurmaqdır. Xarakterik xüsusiyyətlərdən biri də qaralama kampaniyalarının tarixi hadisələrlə üst-üstə düşməsidir. İllərdən bəri bu təkrarlanan bu məqam indi Azərbaycan cəmiyyəti tərəfindən o qədər dəqiq başa düşülür ki, qətiyyən təəccüblü qarşılanmır, əksinə ölkəmiz əleyhinə kampaniyaların dayanması müəyyən mənada təəccüblü görünə bilər. Azərbaycanda sabitlik və rifahın olması bəzi qüvvələrə müəyyən daxildəki bəzi qrupların köməyi ilə dağıdıcı proqramları icra etməyə imkan vermir”.Baş redaktor vurğulayıb ki, baş verən proseslərdən ilk növbədə cəmiyyətimiz real nəticələr çıxarmalı və sayıqlığı əldən verməməlidir: “Hər dəfə yeni qaralama kampaniyaları başlayanda ölkəmizə turist axınını ləngitmək, Azərbaycanın söz sahibliyi mövqeyini zəiflətmək, dövlətimizin diqqətini əsas daxili və xarici siyasət məsələlərindən yayındırmaq istəyirlər. Bu məqsədləri bəzi beynəlxalq media qurumlarının, hüquq müdafiə təşkilatlarının əli ilə həyata keçirməyə çalışırlar. Ancaq Azərbaycanın bugünkü gücü tək ordu, inkişaf edən iqtisadiyyat, mühafizə edilən sərhədlər, nəticəli sosial müdafiə, dəqiq xarici siyasət yox, eyni zamanda öz dövlətçiliyinə dəyər verən yetkin vətəndaş toplumunun formalaşmasıdır. Belə toplum olduqca ölkəni müxtəlif düşmən layihələrin sınaq meydanına çevirmək mümkünsüz qalacaq”.

sia.az