"Ərdoğan özü üçün məsələyə nöqtə qoyub" ÖZƏL-ŞƏRH

“Türkiyədə bələdiyyə seçkiləri arxada qalıb. Ancaq hələ də bir sıra yerlərdə seçki nəticələrinin ləvği məsələsi ətrafında müzakirələr gedir. Ən çox da İstanbul diqqət mərkəzindədir. Hakim Ədalət və İnkişaf Partiyasından çox tərəfdaşı Milliyətçi Hərəkat Partiyası (MHP) aktivlik nümayiş etdirir. MHP lideri Dövlət Baxçalı deyib ki, Əkrəm İmamoğlu yanlış siyasət yürüdür və İstanbulda yenidən seçki keçirilməlidir. Yazıq Əkrəmoğlu 17 gün süründürüldükdən sonra heç bir neçə gün deyil işə başlayıb, hansı ciddi səhvə yol verib ki?”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.Politoloqun sözlərinə görə, məsələ bitib: “İmamoğlu mandatını alaraq işə başlayıb və cəmiyyət bu reallığı qəbul edib. Mandatın İmamoğludan geri qalınması İstanbulda və bütövlükdə Türkiyədə təlatümlərə səbəb ola bilər. İmamoğluna İstanbul əhalisinin yarısı səs verib. İmamoğlunun mandatının əlindən alınması ona səs verənlərə sayğısızlıq olar. Ona görə də Yüksək Seçim Kurulunun risqli qərar verəcəyini düşünmürəm.Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan və hakim Ədalət və İnkişaf Partiyası İstanbul uğrunda sona qədər mübarizə apardı. Bu anlaşılandır. İstanbul hər mənada Türkiyənin yarısıdır. Digər tərəfdən Ərdoğanın siyasi zirvəyə qalxışı da məhz vaxtilə İstanbuldan başlamışdı. Bəli, bəzi seçki saxtakarlıqları qeydə alınıb. Ancaq bu saxtakarlıqlar sonda nəticəyə təsir etmədi. Əgər hakim partiyanın iddia etdiyi kimi İstanbulda böyük saxtakarlıqlar olmuşdusa bu o demək idi ki, Türkiyənin tamamında seçki saxtakarlıqları olub. Bu faktın üzərində dayanılması isə Türkiyənin imicinə zərbə vura bilərdi. Belə çıxacaqdı ki, Türkiyə Cumhuriyyəti artıq demokratik seçki keçirmək qabiliyyətini itirib. Ona görə də hakim partiyanın sona qədər dirənməsi hakimiyyətin özünün nüfuzunə zərbə vura bilər. Məsələnin digər tərəfə də var. Seçkidə böyük saxtakarlıqlar olubsa seçki məntəqələrindəki AKP təmsilçiləri niyə yekun qətnamələrə imza atıblar? Məgər saxtakarlıqları görmürdülərmi?Fikrimcə, Rəcəb Tayyib Ərdoğan özü üçün məsələyə nöqtə qoyub. Türkiyə Cumhurbaşqanı daxili etirazına rəğmən, Əkrəm İmamoğlunu İstanbul bələdiyyə başçısı kimi qəbul edib. Ərdoğanı son “tvitində” yazıb ki, bundan sonra “Türkiyə ittifaqına” ehtiyac var. Yəni “Cumhur ittifaqı” və “millət ittifaqı” geridə qaldı. Ərdoğan bu sözlərlə demək istəyir ki, seçki bitdi, hamı iş başına keçməlidir. Haqlıdır. Türkiyədə istisadi vəziyyət sabit deyil. Ötən il Ankarada idim, 1 dollar 3 lirə idi. Ankaradan yeni qayıtmışam. 1 dollar 5 lirəni ötüb. İnsanları dolanışıq məsələləri narahat edir. Ona görə də Ərdoğanın “işə başlamaq” çağırışı yerindədir. Seçki bitib, bələdiyyə başçılarını rahat buraxıb gündəlik problemlərin həlli ilə məşğul olmaq lazımdır. Türkiyədə növbəti seçki 4 il yarımdan sonra olacaq. Ona görə də cəmiyyətdə siyasi gərginliyi saxlamağa ehtiyac yoxdur. Bu həm hakimiyyətin, həm də müxalifətin maraqlarına cavab vermir. Türkiyənin qarşısında ciddi daxili və xarici çağırışlar var. Enerjini seçki nəticələrinin mübahisəsinə xərcləməyə ehtiyac yoxdur”.

sia.az