"Azərbaycan cəmiyyəti Prezidentin ətrafında daha sıx birləşib" ÖZƏL-ŞƏRH

“Əli Kərimli “facebook” səhifəsində Azərbaycan Prezidentinin köməkçisi, professor Əli Həsənovun "Prezident İlham Əliyevin idarəçiliyi dövründə bütün mümkün yüksəklikləri fəth etmişik” ifadəsinə özünəməxsus tərzdə münasibət bildirib. Əli Kərimlinin göstərdiyi "arqumentlərin" mənbəyi dünyada reketçiliklə məşğul olan - OCCRP, "Trensparency İnternational", "Amnisty İnternational", "Human Rights Watch" və digər bu kimi təşkilatların "raport"larındandır. Və 26 ildir heç bir yerdə işləməyən, amma, zəngin həyat tərzi keçirən, övladı Londonda bahalı əyləncələrlə dəfələrlə gündəmə gələn Əli Kərimlinin də maliyyə mənbəyinin çox hissəsi yuxarıda adlarını qeyd etdiyim reket təşkilatları himayə edən, onların vasitəsilə ayrı-ayrı dövlətləri təzyiq altında saxlamamağı hədəf götürmüş beynəlxalq güclərin kassasından daxil olur. Guya insan hüquqlarını müdafiə edən bu saxta beynəlxalq qurumlar indiyədək Ermənistan əsirliyində saxlanılan, olmazın işgəncələrə məruz qalan, ölüsü və dirisindən xəbər olmayan 3900-ə qədər azərbaycanlının taleyi barədə niyə bircə dəfə də olsun belə danışmırlar?”. Bu fikirləri SİA-ya Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.Onun sözlərinə görə, Azərbaycanın mövcud siyasi rəhbərliyinin milli maraqlara uyğun müstəqil siyasət yeritməsindən, ölkəmizin hərtərəfli inkişafından narahat olan bu qüvvələrin demokrtaiya "dərs"lərinin nəticələrini hər gün televiziya ekranlarından izlədiyimiz ərəb ölkələrinin nümunəsində görürük: “İnsan hüquqlarından dəm vuran bu qüvvələrin qurbanlarına çevrilmiş ölkələr viran qoyulmuş, sonu bilinməyən bəlaya düçar edilmiş, aldadılmış insanlar vətəndaş müharibələrində qırılmış, minlərlə insan qayıqlarda okeanlarda batırılaraq qətlə yetirilmiş, ən yaxşı halda isə, doğma yurd-yuvalarından didərgin salınan milyonlarla nsan Avropa küçələrində dilənçi kökündə yaşamaqdadırlar.Azərbaycanı ərəb dövlətlərinin gününə salmağı hədəf seçmiş, lakin, Prezident İlham Əliyevin qətiyyəti nəticəsində məqsədlərinə çata bilməyən hansısa siyasi oyunbazların Azərbaycanda media azadlığı, siyasi məhbus problemi, korrupsiya, işgəncə və sair barədə sərsəmləmələri bizi narahat etmir, əksinə, daha da ayıq-sayıq olmağa sövq edir. Müdrik və siyasi baxımdan bitkin Azərbaycan cəmiyyəti dünyada baş verən prosesləri dərk edərək, dövlətimizə qarşı qurulmuş çirkin planları görərək xalqın mənafeyini hər şeydən üstün tutan prezidentinin ətrafında daha sıx birləşmişdir.Azərbaycanın konkret istiqamətlərdə əldə etdiyi uğurlar və Əli Kərimlinin görə bilmədiyi yüksəkliklər zaman-zaman ciddi beynəlxalq qurumların hesabatlarında əksini tapmış və tapmaqdadır, ən vacib məqam budur ki, xalqımız bu uğurların konkret nəticələrini həyatında hiss edir.Son günlərdə Azərbaycan-Avropa İttifaqı sazişinin layihə variantında Ermənistanı narahat edən əsas məqamın-Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının təmin olunmasına dair bəndin əksini tapmasından ciddi narahat olan erməni lobbisi və onları dəstəkləyən qüvvələri, özlərini beynəlxalq insan hüquqları təşkilatları adlandıran riyakar qrupları hərəkətə gətirərək ölkəmizə, onun siyasi rəhbərliyinə qarşı çirkin və iftiralarla dolu yeni kampaniyaya start vermişlər. Və rəzalət odur ki, özlərinə müxalifət deyən əlikərimlilər həmişə olduğu kimi, bu dəfə də ciddi bir sazişdə milli maraqlarımızın təmin edilməsində iradə nümayiş eydirdiyinə görə hədəf seçilmiş prezidentimizə qarşı başladılmış bu kampaniyaya birbaşa dəstək göstərməkdədirlər. Qalan rəzillikləri də siz xatırlada bilərsiniz”.

sia.az