Rafael Hüseynov: Heydər Əliyevin atalıq qayğısını həmişə hiss etmişəm

“Heydər Əliyev diqqətlə mənə baxdı və dedi: “Bilirsən, Rafael, mən hətta səni işdən azad edə də bilmirəm, çünki bizdən soruşarlar, sənin kimisini necə təyin edə bilmişik”.

Moskvada keçirilən “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının təqdimatında çıxış edən Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.
R.Hüseynov çox şey üçün Heydər Əliyevə borclu olduğunu vurğulayıb: “O, məni “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru təyin edib, Parisin Sorbonna Universitetində təhsilim üçün təqdimat verib. O vaxtlar bu, heç də asan deyildi, amma Heydər Əliyev təkid etdi. Bütün bunlar baş verməsəydi, həyatımın necə olacağını deyə bilmərəm. Lakin o, həyat dərsləri də verirdi. “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru olduqdan üç ay sonra birinci səhifədəki sərlövhədə “26 Bakı komissarı” yerinə “26 Bakı sanitarı” getmişdi. Onda hamı dedi ki, artıq mənim karyeram bitib. Və həmin vaxt Heydər Əliyev məni qəbul etdi, diqqətlə mənə baxdı və dedi: “Bilirsən, Rafael, mən hətta səni işdən azad edə də bilmirəm, çünki bizdən soruşarlar, sənin kimisini necə təyin edə bilmişik”. Sonra bu söhbət səmimi xarakter aldı və hətta mənə töhmət belə verilmədi. Mən Heydər Əliyevin səmimi, atalıq qayğısını həmişə hiss etmişəm. Onun şəxsən mənə verdiyi dərsləri hər zaman xatırlayacağam”.

yap.org.az