Siyasət

  • 3 800

Hikmət Hacıyev: 25 ildir atəşkəsin davamlı sülhə çevrilə bilməməsinin əsas səbəbi Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidir

image

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın atəşkəsin 25 illiyi ilə əlaqədar verdiyi açıqlamanı şərh edib.

Şöbə müdiri bildirib ki, Ermənistan gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib. İşğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb və 25 ildən artıqdır ki, onlar qaçqın və məcburi köçkün statusunda yaşamaq məcburiyyətindədirlər. Ermənistanın Azərbaycana qarşı təcavüzü, həmçinin mülki insanlara qarşı çoxsaylı hərbi cinayətlərlə müşayiət olunub.
Hikmət Hacıyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnamədə Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi pislənilir, ölkəmizin ərazi bütövlüyü və suverenliyi, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması bir daha təsdiqlənir, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.
“Atəşkəs sülh deyil. Ermənistan rəhbərliyi tərəfindən də etiraf olunur ki, 25 il keçməsinə baxmayaraq, atəşkəs davamlı sülhə çevrilməyib. Bu müddət ərzində atəşkəsin davamlı sülhə çevrilə bilməməsinin əsas səbəbi Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidir”, - deyə H.Hacıyev əlavə edib.
O, həmçinin deyib ki, danışıqlar prosesinin formatı dəyişməzdir. Danışıqlar münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında aparılır.
Şöbə müdiri diqqətə çatdırıb ki, Ermənistan tərəfi regionda davamlı sülhün təmin olunmasını həqiqətən istəyirsə, mövcud format əsasında danışıqlar prosesində konstruktiv şəkildə iştirak etməli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmalı, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalarına mane olmamalıdır. Yalnız bundan sonra regionda davamlı sülh təmin oluna bilər.

yap.org.az

Digər xəbərlər