Siyasət

  • 3 701

Əli Əhmədov: Müxalifətin müəyyən kəsiminə aid olan azsaylı qrupların və konkret fərdlərin sərgilədiyi siyasi davranış milli maraqlara qarşı çevrilmiş antimilli fəaliyyətə ən xarakterik nümunədir

image

Azərbaycan Respublikası Baş nazirinin mavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində yayımladığı “Müxalifət niyə və necə antimilli ünsürə çevrilir” sərlövhəli məqaləsində bildirir ki, insanın özgələşməsi, yəni sosial yadlaşması təkcə şəxsi faciə deyil, eyni zamanda ictimai təhlükəli hadisədir: “Cəmiyyətdə qəbul olunmuş dəyərlərə və birgəyaşayış normalarına məhəl qoymayanlar ictimai mühitdə yad ünsürə çevrilərək, özgələşərək ictimai normaların və dəyərlərin daşıyıcısı mahiyyətini itirmiş olurlar. Eyni zamanda ictimai maraqlar onlar üçün mənasızlaşır, şəxsi maraqlar və ya ambisiyalar dominant rol oynamağa başlayır.”

Baş nazirin mavini Əli Əhmədovun toxunduğu mövzunun aktuallığını, müzakirəyə təqdim etdiyi problemin həssaslığını vurğulamaqla məqaləni dəyərli oxucularımızın nəzərinə çatdırırırq:
-Sosial yadlaşma Azərbaycanın bəzi müxalifət nümayəndələrinin timsalında özünü aydın surətdə göstərir. Siyasi davranış və normalardan, siyasi əxlaq tələblərindən üz döndərməklə onlar əslində cəmiyyətin siyasi sisteminin vacib ünsürü olmaq şanslarını itirir. Bu isə şəxsi (qrup) maraqlar ilə milli maraqların toqquşması, birincinin ikinci üzərində dominantlığı ilə müşaiyət olunur. Nəticə etibarı ilə antimilli ünsürün formalaşması prosesi baş verir.
Müxtəlif milli şüarlar altında, əslində isə milli maraqlara zərbə vuran davranışın sərgilənməsi antimilli fəaliyyətin növ müxtəlifliyidir. Həm də bu daha təhlükəli olması ilə fərqlənir. Onun təhlükəsi ondadır ki, cəmiyyətin özünümüdafiə immunitetini çaşdırmaqla milli maraqlara daha ağır zərbə vurmaq imkanına malikdir. Hər bir cəmiyyətin yad təsirlərə, təhdidlərə qarşı immuniteti var və onun sayəsində milli birlik, həmrəylik, milli iradə kimi özünümüdafiə mexanizmi formalaşıb fəaliyyət göstərir. Bu mexanizm zəiflədikdə və ya zəiflədildikdə avtomatik olaraq cəmiyyətin özünümüdafiə immuniteti zəifləmiş olur. Dövlətlərarası müasir kəskin rəqabət şəraitində ayrı-ayrı cəmiyyətlərin özünümühafizə immunitetinin zəiflədilməsi ölkələrə qarşı təzyiq və təhdid vasitələri sırasında xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan müxalifətinin müəyyən kəsiminə aid olan azsaylı qrupların və konkret fərdlərin sərgilədiyi siyasi davranış milli maraqlara qarşı çevrilmiş antimilli fəaliyyətə ən xarakterik nümunədir. Əvvəla, bu davranış, davranış formaları milli maraqlara münasibət baxımından cəmiyyətin birliyi və həmrəyliyini zədələmək kimi çirkin və təhlükəli məqsədə xidmət edir. İkincisi, həmin qrupların hədəfində Azərbaycanın imicinin pisləşməsi, ölkəmiz haqqında mənfi rəyin formalaşmasından ibarət məkrli niyyət dayanır. Üçüncüsü isə, onlar Azərbaycana qarşı fəaliyyət göstərən qatı antiazərbaycan qüvvələrlə işbirliyi qurur, sonuncuların əlində çirkli bir vasitəyə çevrilirlər.
Nümunə üçün uzağa getməyə ehtiyac yoxdur. Azərbaycan müxalifətinin hən Azərbaycanda, həm də Azərbaycandan kənarda olan nümayəndələri tərəfindən yorulmadan yalan, böhtan, ləkələmə və təhqir kampaniyasının aparılması antimilliliyin “parlaq” nümunəsidir. Onlar özünü nəinki Azərbaycan cəmiyyətinin üzvü kimi dərk edə bilmir (yaxud istəmir), habelə bütün gücünü ölkəyə qarşı təbliğat aparmağa sərf edir. Təbii ki, öz vətəninə qarşı bu cür satqınlıq maraqlı qüvvələr tərəfindən “qiymətləndirilməyə” bilməz. Onlar dərhal qanadlar altına alınır, sığınacaq verilir, yaşayışları təmin edilir, övladları bahalı universitetlərdə təhsil alır. Ancaq heç nə əvəzsiz olmur. Həmin insanlar aldıqlarının əvəzini şərəfsiz satqınlıqla, antimilli ünsürə çevrilməklə qaytarmağa məcburdur. Beləcə iradəsi zəif, ambisiyası yüksək adamlar sırasından antimilli qüvvə yaratmaq texnologiyası işə düşür.
Yaxşı haldır ki, Azərbaycanda milli iradəsi zəif, dövlətimizin maraqlarını satmaq hesabına “yaxşı” yaşamaq kimi rəzil və təhlükəli yola düşmək istəyənlərin sayı azdır, çox azdır. Həyat göstərir ki, milli satqınlıq hesabına qazanılan “yaxşı həyat” heç kimi xalqın nifrətindən xilas etmir və edə bilməz. Xoşbəxt o insandır ki, hansı vəzifədə və statusda olmasından asılı olmayaraq öz xalqına və dövlətinə xidmət edir.

yap.org.az

Digər xəbərlər