Siyasət

  • 4 009

Humanizm prinsiplərinə söykənən fəaliyyət

image

Heydər Əliyev Fondunun ötən 15 il ərizində həyata keçirdiyi layihələr Azərbaycanın tərəqqi və inkişafına öz töhfələrini verib

Dünyada gedən qloballaşma prosesində milli-mənəvi dəyərlər qorunub saxlanılır və milli dərk, milli ideologiya, azərbaycançılıq məfkurəsi əsas aparıcı xətt olaraq təbliğ edilir. Bu prosesdə Heydər Əliyev Fondu əhəmiyyət kəsb edən layihələrə imza atır. Fond Azərbaycan tarixi və mədəni abidələri, xalçaçılıq sənəti, muğam sənəti və s. ətrafında təbliğat işləri aparır, dünyanı mədəni irsimizlə tanış edir və onun inkişafına çalışır. Ölkəmizin milli-mənəvi dəyərlərinin üzə çıxarılması, Azərbaycanın bir dövlət olaraq məxsusiliyinin dünyəviləşməsi istiqamətində fondun həyata keçirdiyi işlər tarixin bu günü üçün deyil, zamanın axarında əsrlərin yaddaşında iz buraxacaq hadisələrə bağlıdır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın Azərbaycan üçün gördüyü işlər yaşadığımız qloballaşma dövründə, Azərbaycanın dünyaya inteqrasiya etdiyi bir zamanda, əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondunun bu günə qədər həyata keçirdiyi irimiqyaslı layihələrin hər biri humanizm prinsiplərinə söykənərək, xalqın sosial rifahının yüksəlməsinə yönəlib. Müxtəlif yaşda olan insanlara qayğı fondun əsas fəaliyyət istiqamətini təşkil edir. “Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan cəmiyyətinin müdafiəyə ən çox ehtiyacı olan üzvlərinə, uşaq evləri və internatlardakı uşaqlara və yeniyetmələrə, qaçqın və məcburi köçkün uşaqlarına, habelə, müxtəlif xəstəliklərə mübtəla olan uşaqlara yardım göstərilməsi ilə bağlıdır” deyir Mehriban xanım Əliyeva. İnsanlara yardım etmək, kimsəsizə əl tutmaq prinsipi ilə yaşayan Mehriban xanım Əliyeva respublikanın işıqlı gələcəyi üçün böyük işlər görür. Fəaliyyəti ilə mərhəmətini, sadəliyini, insanlara sevgisini ifadə edən Mehriban xanım Əliyeva “İstərdim ki, mərhəmətlilik insanlara, peşə fəaliyyətindən asılı olmayaraq, xas olsun” deməklə, istənilən bir insanın ən ali keyfiyyətləri sırasında mərhəmətin olmasını arzulayır.

Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələri, qısa bir zaman məsafəsində, böyük uğurlara səbəb oldu. “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində respublika üzrə uşaq müəssisələri əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar tikilmiş və kommunal şərait yaxşılaşdırılmışdır. Azərbaycanın Birinci Xanımının təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün Bakının Nizami rayonunda 50 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir.

AZƏRBAYCANDA

TOLERANTLIĞIN,

DÖZÜMLÜLÜYÜN, DÜNYA MƏDƏNİYYƏTLƏRİNİN

RƏNGARƏNGLİYİNƏ

HÖRMƏTİN QƏDİM

KÖKLƏRİ VAR

Azərbaycanda bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. Bu gün də belədir. Müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, ən böyük sərvətlərdən biridir. Təsadüfi deyildir ki, son illər mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələrini verir. Müasir dövrümüzdə Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Fondun layihələrindən olan “Azərbaycan - tolerantlığın ünvanı” layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətili işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də “Azərbaycan - tolerantlığın ünvanı” layihəsi çərçivəsində reallığa çevrilib.

ÖLKƏMİZİN MADDİ VƏ

MƏNƏVİ İRSİ YUNESKO

-NUN NADİR ƏSƏRLƏRİ

SIRASINDADIR

Bu gün Azərbaycanla YUNESKO arasında əlaqələr davamlı şəkildə həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyətini xüsusi qeyd etməliyik. Azərbaycanın maddi və mənəvi irsinin YUNESKO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, hazırda muğam ifaçılığı sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılığı sənəti, “Kəlağayı simvolizmi və ənənəvi sənəti” və s. YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, Çövkən-Qarabağ Atüstü Oyun ənənəsi isə YUNESKO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alması Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlığını diqqətə çatdırır. Sözsüz ki, sadaladığımız nadir irsin bu siyahıya daxil edilməsində Heydər Əliyev Fondunun rolu xüsusidir.

Heydər Əliyev Fondunun fəaliyyət göstərdiyi sahələrdən biri də elm və texnologiyadır. Azərbaycan həqiqətlərinin internet şəbəkəsi vasitəsilə dünyaya yayılması və xalqımızın min illər boyu yaratdığı maddi-mənəvi dəyərlərin dünyaya tanıdılması məqsədi ilə fond tərəfindən materialların həcminə, zənginliyinə və əhatəliliyinə, habelə, istifadə olunmuş internet texnologiyalarına görə ölkəmizdə analoqu olmayan “Azərbaycan” internet portalı yaradılıb. Azərbaycan, ingilis və rus dillərində tərtib olunan “Azərbaycan” portalı ölkəmizin beynəlxalq aləmdə təbliği işinə, dünyada Azərbaycan haqqında tam, həqiqi və dolğun təsəvvür yaradılmasına böyük kömək göstərir. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən müxtəlif saytlar və multimedia diskləri hazırlanıb.

Azərbaycan haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmağa önəm verən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş layihələr sırasında “Qarabağ həqiqətləri” bukletlər toplusunun nəşri xüsusi əhəmiyyətə malikdir. Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin başlanması, onun nəticəsində ölkəmizə dəyən ziyan, Xocalı faciəsi, ermənilərin dünyanın müxtəlif ölkələrində törətdikləri terror aktları haqqında faktları əks etdirən və ingilis, fransız, alman, rus və macar dillərində nəşr olunmuş bukletlər indiyədək bir çox xarici ölkələrdə yayılmışdır. “Müharibə və tarixi-mədəniyyət abidələrimiz” kitabında Azərbaycanın işğal olunmuş ərazilərindəki ziyarətgahlar və digər tarixi-mədəniyyət abidələri haqqında ətraflı məlumat verilir.

“Qarabağ həqiqətləri” silsiləsinin davamı olaraq, Heydər Əliyev Fondu Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasətindən və onun acı nəticələrindən bəhs edən “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabını ingilis dilində nəşr etdirib. Kitaba işğal olunmuş rayonlarımızdakı mədəni sərvətlərimizin siyahısı, xəritələr, habelə, Ermənistan ərazisində və işğal altındakı bölgələrimizdəki tarixi və mədəniyyət abidələrimizin əvvəlki və indiki vəziyyətini əks etdirən videomateriallar əlavə olunub.

Mehriban xanım Əliyeva azərbaycançılıq ideyalarının carçısı olaraq Azərbaycandan kənarda da amalını gerçəkləşdirmək yönümündə irimiqyaslı layihələri ilə çıxış edir. Onun böyük təşəbbüsü ilə müasir dövrümüzdə fondun ABŞ, Rusiya Federasiyası, Rumıniya və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Sözsüz ki, bu cür dövlətlərdə nümayəndəliklərin yaranması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətlidir. Xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmasında, birmənalı olaraq, fəaliyyətini davam etdirir. Bildiyimiz kimi, hər il dünyanın bir sıra böyük şəhərlərində - Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Praqa, Vaşinqton, Nyu-York, Varşava, London, Haaqa, Dubay, Kiyev, Tbilisi və başqa ölkələrdə Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar həyata keçirilir ki, bunların hər birində təşəbbüskar Heydər Əliyev Fondudur.

15 illik fəaliyyəti dövründə əldə etdiyi bu və ya digər nailiyyətlər fondun qeyri-hökumət təşkilatı olaraq təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə böyük nüfuz qazandığını göstərir. Azərbaycanın çiçəklənməsi, beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verən Heydər Əliyev Fondunun gələcək fəaliyyətinin əsasında qeyd etdiyimiz məsələlərin daha da geniş bir planda həyata keçirilməsi dayanır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər