Siyasət

  • 4 443

Pekində Azərbaycanın Çindəki səfirliyi üçün bina inşa olunacaq

image

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyi üçün ayrılmış torpaq sahəsində xüsusi layihə əsasında inzibati bina inşa olunacaq.

Bununla əlaqədar Pekində Çin Xarici İşlər Nazirliyinin Pekin Diplomatik Xidmətlər Bürosunun ofisində Azərbaycanın Çindəki səfirliyi ilə binanı inşa edəcək "Beijing Urban Construction Sixth Group" şirkəti arasında müqavilə imzalanıb.
Sənədi Azərbaycanın Pekindəki səfiri Əkrəm Zeynallı və şirkətin prezidenti Cu Cuncı imzalayıblar.
İmzalanma mərasimində çıxış edən səfir Ə.Zeynallı Azərbaycanın Çin ilə ikitərəfli münasibətlərə xüsusi önəm verdiyini, əməkdaşlığın bütün sahələrdə dərinləşməsində və genişlənməsində maraqlı olduğunu deyib. O, qədim İpək Yolu zamanında xalqlarımız arasında ticari və mədəni əlaqələrdən yaranan dostluq münasibətlərimizin müasir dövrdə dövlət başçıları İlham Əliyev və Si Cinpin arasında formalaşmış fəal siyasi dialoq sayəsində uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Xüsusilə "Bir kəmər, bir yol" təşəbbüsü ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı üçün yeni imkanlar yaradıb.
Prezident İlham Əliyevin ötən ay Pekində 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakını xüsusi vurğulayan səfir Ə.Zeynallı bildirib ki, səfər zamanı dövlət başçılarının görüşündə əldə edilmiş razılaşmalar “Bir kəmər, bir yol” çərçivəsində də ölkələrimiz arasında gələcək əməkdaşlığımız üçün yeni hədəfləri müəyyən edib.
Diplomat Azərbaycan hökumətinin Pekindəki səfirlik üçün binanın inşası ilə bağlı qərarından sonra ilkin icazələrin alınması, layihə-dizayn və tikinti şirkətlərinin müəyyənləşdirilməsi, müxtəlif qurumlarla əlaqələndirmənin aparılmasına və buna bənzər onlarla məsələlərdə göstərdiyi dəstəyə görə Pekin Diplomatik Xidmətlər Bürosuna minnətdarlıq edib.
Yaxın vaxtlarda tikintisinə start veriləcək binanın Azərbaycanın xaricdəki ən böyük səfirlik binalarından biri olacağını diqqətə çatdıran diplomat, binanın öz müasir memarlığı, milli çalarları və əzəməti ilə diqqət çəkəcəyinə ümidvar olduğunu deyib. Bildirib ki, müasir tələblərə cavab verəcək binada səfirlik əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait olacaq.
Pekin Diplomatik Xidmətlər Bürosunun direktor müavini xanım Cian Çi Azərbaycan səfirliyinin binasının Pekindəki səfirlik rayonunda yeni gözəl bir mənzərənin əsasını qoyacağını, eyni zamanda, çoxtərəfli dostluq və əməkdaşlıq münasibətlərimizin yeni tarixinin şahidinə çevriləcəyini deyib. Bildirib ki, bu layihə Pekin şəhərinin optimallaşdırılmış biznes mühiti siyasətinin qəbul olunmasından sonra uzun tikinti prosesini ən qısa zamanda qət edən ilk layihədir. Yüksək səviyyədə dizayn olunmuş bina Çin və Azərbaycan milli elementlərini özündə birləşdirərək, həm xarici görünüşünün gözəlliyinə, həm də praktik bir bina olmasına görə seçiləcək.
"Hongshi" dizayn şirkətinin prezidenti Can Bin binanın layihəsinin hazırlanması prosesində Bakıya səfər etdiklərini, Azərbaycan mədəniyyəti və memarlığı ilə yaxından tanış olduqlarını diqqətə çatdırıb. Bildirib ki, səfirlik binasının dizayn və interyerində Bakıdakı müxtəlif tarixi və müasir memarlıq nümunələrinin elementlərindən istifadə olunub.
"Beijing Urban Construction Sixth Group"u prezidenti Cu Cuncı rəhbərlik etdiyi şirkətin binanı vaxtında və yüksək keyfiyyətlə inşa edəcəyini bildirib. O, Azərbaycan səfirliyinin binasının simasında möhtəşəm bir layihəni ortaya qoymaqla, Azərbaycan səfirliyinin və Pekin Diplomatik Xidmətlər Bürosunun etimadını doğruldacağını deyib.
Qeyd edək ki, Azərbaycan səfirliyinin binasını inşa edəcək "Beijing Urban Construction Sixth Group" Pekində və Çinin müxtəlif bölgələrində həyata keçirdiyi qlobal layihələrlə özünə müsbət imic qazanıb, yaxın vaxtlarda istifadəyə veriləcək və dünyada ən böyük aeroport olacaq Pekindəki "Dasin" hava limanı, paytaxtın rəmzlərindən olan Milli Böyük Teatr da daxil olmaqla reallaşdırdığı bütün layihələri yüksək keyfiyyət və peşəkarlıqla yekunlaşdırıb.

yap.org.az

Digər xəbərlər