Siyasət

  • 3 692

Azərbaycan və Paraqvay arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür

image

Xarici işlər naziri Elmar Məmmədyarov və Paraqvay xarici işlər naziri Luis Alberto Kastilyoni iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.Nazir Elmar Məmmədyarov məktubda Azərbaycan Respublikası ilə Paraqvay Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə həmkarı Luis Alberto Kastilyonini təbrik edib.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, məktubda Elmar Məmmədyarov son illərdə uğurlu siyasi dialoq, ticarət əlaqələri və mədəni mübadilələr daxil olmaqla, bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm təməlin qoyulduğunu diqqətə çatdırıb. Azərbaycan və Paraqvayın, eyni zamanda, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan birgə öhdəliklərini qeyd edib. Bu xüsusda, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin qəbul olunmasında və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı çərçivəsində həlli istiqamətində Paraqvay Respublikasının ölkəmizə mühüm dəstəyi xüsusi vurğulanıb.
Elmar Məmmədyarov Azərbaycan Respublikasının Paraqvaya fəxri konsul təyin etməsi ilə bağlı son qərarın iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə və hər iki xalqın rifahı naminə mövcud çoxşaxəli əlaqələrin gələcəkdə daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyinə əmin olduğunu bildirib.
Paraqvay Respublikasının xarici işlər naziri Luis Alberto Kastilyoni xarici işlər naziri Elmar Məmmədyarova ünvanladığı məktubda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb. O, hökumətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaq dinamik fəaliyyətə sadiqliyini bəyan edərək, ölkələrimizi birləşdirən xoşniyyətli əlaqələrin davamlı olmasını arzulayıb.
Azərbaycan Respublikası ilə Paraqvay Respublikası arasında diplomatik münasibətlər 2004-cü il aprelin 20-də qurulub.

yap.org.az

Digər xəbərlər