Kamilə Əliyeva: Azərbaycanın arzusu, istəyi olmadan bu regionda heç nəyi reallaşdırmaq, icra etmək mümkün deyil

Azərbaycan bu gün demək olar ki, bütün beynəlxalq və regional qurumlarla, o cümlədən, BMT-dən sonra dünyada ikinci böyük təşkilat sayılan Qoşulmama Hərəkatı ilə yüksək səviyyəli əməkdaşlıq edir, bu qurumun ən fəal və aktiv üzvlərindəndir.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Kamilə Əliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan bu il Qoşulmama Hərəkatının növbəti Zirvə toplantısına ev sahibliyi etməyə hazırlaşır:
“Ölkəmiz bu quruma üzv olmaqla bir daha onu nümayiş etdirmiş oldu ki, Azərbaycan müstəqil, balanslaşdırılmış, tarazlaşdırılmış, neytral mövqeli siyasət aparır, heç kimin, heç bir dövlətin daxili işlərinə qarışmır və qarışmaq niyyətində də deyil. Eyni zamanda, hər bir dövlət, hər bir beynəlxalq qurumla səmimi əməkdaşlıqda maraqlıdır".
Kamilə Əliyevanın sözlərinə görə, müstəqillik illərində Azərbaycanın əməkdaşlığa, tərəfdaşlığa üstünlük verdiyi önəmli və nüfuzlu beynəlxalq qurumlardan biri də, açıq şəkildə desək, Avropada, Qərb dünyasında əsas söz sahibi olan Avropa İttifaqıdır:
"Bir neçə gün öncə ölkə Prezidenti Belçikaya səfəri çərçivəsində Avropa İttifaqının rəsmiləri ilə yenidən bir araya gəldi və keçirilən görüşlər tərəflər arasında münasibətlərin növbəti yeni mərhələyə qədəm qoyduğunu ortaya qoydu. Konkret olaraq, Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşdə ikitərəfli münasibətlərin inkişafı diqqət mərkəzində oldu.
Bu, bir daha onun təsdiqi edir ki, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir və bu əməkdaşlığa da daim sadiqdir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir.
Belə demək mümkünsə, Azərbaycanın dünya dövlətləri, nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən, Avropa İttifaqı ilə əməkdaşlığa ehtiyacı varsa, onların da Azərbaycana ehtiyacı var. Onlar Azərbaycana ehtiyacdırlar, çünki bu bölgədə, bu regionda Azərbaycanın arzusu, istəyi olmadan heç nəyi reallaşdırmaq, icra etmək mümkün deyil”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Brüsselə səfəri böyük əhəmiyyət kəsb edir və bu səfər Azərbaycan-Avropa İttifaqı münasibətlərinin növbəti mərhələdə inkişafında, xüsusən, imzalanması gözlənilən əməkdaşlıq sazişinin baş tutması və reallaşdırılmasında çox mühüm məqam təşkil edəcək:
“Ölkəmizi sevməyən, onun inkişafını gözügötürməyən anti-Azərbaycan dairələrin bütün cəhdlərinə, təxribatçılıq əməllərinə rəğmən, bu əməkdaşlıq davam edəcək və yaxın gələcəkdə məlum saziş imzalanaraq, öz önəmli töhfələrini verəcək”.

yap.org.az