Siyasət

  • 3 517

Səfir Mixail Boçarnikov: Azərbaycanda yaşamaq və işləmək olduqca maraqlıdır

image

Mayın 21-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Teleradio Akademiyasının qonağı olub.Akademiyadan bildiriblər ki, rektor Faiq Hüsiyev səfirə Teleradio Akademiyasının fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, Akademiyada dərslərlə yanaşı, müxtəlif qurumların nümayəndərinin, tanınmış şəxslərin mühazirələri də təşkil olunur və belə mühazirələr gələcəyin aparıcıları, müxbirləri və rejissorları üçün faydalıdır.

İyunun 10-da Azərbaycanda səfir kimi çalışmasının 1 ilinin tamam olacağını deyən Mixail Boçarnikov Teleradio Akademiyasına dəvətdən məmnun olduğunu bildirib. Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən diplomat siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin genişləndirildiyini, hər iki dövlətin müxtəlif mötəbər tədbirlərdə bir-birlərinin mövqelərini dəstəklədiklərini xüsusi vurğulayıb. Səfir ölkələrimiz arasında iqtisadi və ticari layihələrin daha çox olmasını, mədəniyyət və incəsənət sahələrində daha geniş əlaqələrin yaranmasını arzuladığını vurğulayıb.
Akademiya dinləyicilərinin suallarını cavablandıran M.Boçarnikov Azərbaycanın bölgənin mühüm dövləti olduğunu bildirərək deyib: “Azərbaycan gözəl ölkədir. Burada yaşamaq və işləmək olduqca rahat və maraqlıdır. Azərbaycanın tarixini oxuyuram, mədəniyyət və incəsənəti ilə maraqlanıram. Bakıda yaxşı dostlar tapmışam”.
O bildirib ki, humanitar sahədə əlaqələrin çox olması xalqlar arasında qarşılıqlı anlaşmanın daha tez əldə olunmasına gətirib çıxarır: “Bakıda tez-tez teatrlara gedirəm. S.Vurğun adına Rus Dram Teatrının tamaşalarına baxıram. Opera və Balet Teatrının da tamaşalarını izləyirəm. Amma çox istərdim ki, Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” tamaşasına baxım. Dövlət Filarmoniyasında klassik musiqini izləyirəm”.
Vaxtaşırı AzTV-yə baxdığını qeyd edən diplomat xəbərlər proqramını əsasən AzTV-dən izlədiyini söyləyib.

yap.org.az

Digər xəbərlər