Siyasət

  • 3 316

Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi Tokioda qeyd olunub

image

Tokionun “Okura” otelində Azərbaycanın dövlət bayramı 28 may - Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə ölkəmizin Yaponiyadakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil edilib.

Qəbulda əsas qonaq qismində Yaponiya Xarici İşlər Nazirinin parlament üzrə müavini Kenci Yamada, Yaponiya parlamentinin nümayəndələr palatasının üzvü, Azərbaycan -Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Yaponiya tərəfindən rəhbəri Akira Amari, Komeyto Partiyasının sədri Natsuo Yamaquçi, yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, parlament üzvləri, ictimai-siyasi dairələrin və diplomatik korpusun nümayəndələri, aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri, şirkət rəhbərləri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Yaponiyanın dövlət himnləri səsləndirilib.
Tədbiri müvəqqəti işlər vəkili Fərid Talıbov açaraq qəbula təşrif buyurmuş qonaqlara minnətdarlığını ifadə edib. Bildirib ki, bu il ölkəmizdə Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi və müstəqilliyinin bərpasının 28 illiyi, eləcə də diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi qeyd olunur. AXC-nin 1918-1920 illərdə müsəlman dünyasında parlament respublikası modeli əsasında qurulan çoxpartiyalı ilk demokratik respublika, qadınlara bir çox Avropa dövlətlərindən əvvəl səsvermə hüququ verən ilk dünyəvi müsəlman dövlət olduğu vurğulanıb.
Müvəqqəti işlər vəkili qeyd edib ki, AXC-nin yaranması Azərbaycan xalqının böyük nailiyyətidir. O zaman ölkəmizin qısa müddət ərzində müstəqil olmasına baxmayaraq, Azərbaycan dili rəsmi dil olaraq, dövlət bayrağı və digər dövlət atributları qəbul edilib, Azərbaycan Silahlı Qüvvələri yaradılıb. Həmçinin, Azərbaycan özünü dünyada tanıtmaq üçün fəal xarici siyasət aparıb.
F.Talıbov qonaqların diqqətinə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə iyulun 9-u Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir. 1919-cu il iyulun 9-da AXC-nin Xarici İşlər Nazirliyi yaradılıb və diplomatik xidmət orqanlarının ən mühüm vəzifəsi yeni yaranmış dövlətin dünyada tanıdılması ilə bağlı olub. AXC-nin beynəlxalq miqyasda tanınmasına nail olmaq üçün Azərbaycan nümayəndə heyəti Parisə səfər edib və Paris Sülh Konfransının Ali Şurası tərəfindən AXC-nin rəsmi olaraq tanınmasına nail olub. Bunun nəticəsində AXC-nin xarici ölkələrdə diplomatik nümayəndəlikləri təsis edilib, 16 ölkənin Bakıda səfirlikləri fəaliyyətə başlayıb.
Diplomatımız bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmiz AXC-nin siyasi-hüquqi və mənəvi varisi olaraq qədim dövlətçilik ənənələrinə sadiq qalıb. Cümhuriyyətin üçrəngli bayrağını, himnini və gerbini qəbul edib və ölkəmizdə 28 may tarixi hər il Respublika Günü kimi təntənəli şəkildə qeyd edilir.
Müvəqqəti işlər vəkili müasir Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin inkişafı yolunda inamla addımladığını, ölkədə davamlı siyasi-iqtisadi islahatların həyata keçirildiyini vurğulayıb. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı böyük uğurlar barədə ətraflı məlumat verib, o cümlədən iqtisadiyyat, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən və gələcəkdə nəzərdə tutulan müxtəlif layihələr barədə ətraflı danışıb.
Azərbaycanda təşkil edilən mötəbər beynəlxalq tədbirlər, idman yarışları, o cümlədən F-1 Azərbaycan Qran Prisi, 1-ci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər yarışların yüksək səviyyədə keçirildiyi və bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyevanın əhəmiyyətli töhfələri haqqında qəbul iştirakçılarına ətraflı məlumat verib.
Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinə toxunan F.Talıbov iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdiyini qeyd edib. İki ölkə arasında münasibətlər, iqtisadi, o cümlədən enerji və qeyri-neft sektoru sahəsində əməkdaşlıq haqqında məlumat verib. Həmçinin qeyd edib ki, son illər Azərbaycan ilə Yaponiya arasında regionlararası əməkdaşlıq genişlənir və bu da ikitərəfli münasibətlərin inkişafına öz töhfələrini verməkdədir.
Tədbirdə çıxış edən Yaponiya parlamentinin nümayəndələr palatasının üzvü, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Yaponiya tərəfindən rəhbəri Akira Amari Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib.
O, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, Azərbaycanın regionda Yaponiyanın ən etibarlı tərəfdaşı olduğunu bildirib. Azərbaycan-Yaponiya parlamentlərarası dostluq liqasının ümummilli lider Heydər Əliyevin Yaponiyaya səfəri zamanı yarandığını xatırladan A.Amari, bu gün iki ölkə arasında münasibətlərin davamlı inkişafından məmnunluğunu ifadə edib.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətli inkişaf etdiyini vurğulayan A.Amari, iki ölkə arasında hərtərəfli münasibətlərin inkişafı üçün hər zaman olduğu kimi dəstək verəcəyini vəd edib.
Tədbirdə əsas qonaq qismində iştirak edən Yaponiya Xarici İşlər Nazirinin parlament üzrə müavini Kenci Yamada Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib. Nazir müavini Yaponiyanın Azərbaycan ilə münasibətlərə xüsusi önəm verdiyini bildirib və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün geniş perspektivlər olduğunu qeyd edib. Həmçinin, K.Yamada Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynadığını xatırladıb.
İki ölkə arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin münasibətlərimizin inkişafına böyük töhfələr verdiyini qeyd edən nazir müavini 2018-ci ilin sentyabrında Yaponiyanın xarici işlər naziri Taro Kononun Azərbaycana səfərini xatırladıb, onun Prezident İlham Əliyev, Baş nazir Novruz Məmmədov tərəfindən qəbul edildiyini və azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşünü vurğulayıb.
Yaponiyanın Azərbaycan ilə münasibətlərə yüksək əhəmiyyət verdiyi, ölkəmizin inkişafının və nailiyyətlərinin Yaponiyada böyük rəğbətlə qarşılandığını bildirən nazir müavini bundan sonra da Azərbaycan xalqına sülh və əmin-amanlıq, davamlı sosial-iqtisadi inkişaf arzulayıb.
Tədbir ziyafətlə davam edib. Ziyafət boyu Azərbaycan musiqisi səslənib, Tokioda yaşayan həmyerlimiz Dilarə Qazıyeva tərəfindən milli rəqslərimiz ifa edilib.

yap.org.az

Digər xəbərlər