Siyasət

  • 4 094

Asim Mollazadə: ABŞ rəhbərliyi anlayır ki, regionun əsas lideri olduğuna görə Azərbaycanla əməkdaşlıq daha da gücləndirilməlidir

image

Azərbaycan artıq regional deyil, beynəlxalq miqyasda söz sahibidir və strateji tərəfdaş kimi tanınır. Ölkəmiz beynəlxalq təhlükəsizliyə əvəzedilməz töhfə verir. Prezident İlham Əliyevin müəllifi olduğu "Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyini təmin edir və bu da dünyanın nüfuzlu ölkələri tərəfindən yüksək qiymətləndirilir. ABŞ Prezidenti Donald Trampın 5 gün ərzində Prezident İlham Əliyevə 2 təbrik məktubu ünvanlaması bunu bir daha sübut edir. D.Tramp məktubunda Azərbaycanın idarəçilik bacarığını yüksək qiymətləndirib. Bu gün ABŞ və Azərbaycan arasında əlaqələr bütün sahələrdə çox yüksək səviyyədədir. ABŞ Prezidenti “Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələr və "Cənub Qaz Dəhlizi" təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində” Prezident İlham Əliyevin liderliyini dəyərləndirir. ABŞ bu tərəfdaşlığın gələcək illərdə də inkişaf etməsini arzulayır. Bütün bunlar Azərbaycan Prezidentinin və dövlətimizin beynəlxalq nüfuzunun artmasından xəbər verir.Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-ABŞ parlamentlərarası dostluq qrupunun üzvü Asim Mollazadə "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində bildirib ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında bir çox istiqamətləri əhatə edən münasibətlər mövcuddur. İlk növbədə təhlükəsizlik sahəsində olan əməkdaşlığı qeyd etmək lazımdır:"Bu istiqamətdə Azərbaycan Silahlı Qüvvələri ABŞ ilə birgə Əfqanıstanda antiterror koalisiyasının nəzdində sülhyaratma əməliyyatlarında müstəsna rol oynayır. ABŞ ilə Azərbaycan arasında ikitərəfli formatda və NATO proqramları çərçivəsində əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan öz logistik imkanları ilə ABŞ-a terrorçuluğa qarşı mübarizə sahəsində töhfə verir".Azərbaycanın Birləşmiş Ştatlarla geniş iqtisadi əməkdaşlıq əlaqələrindən danışan millət vəkili vurğulayıb ki, ölkəmizin enerji sahəsində bir necə istiqamətdə həyata keçirdiyi layihələr xüsusi önəm daşıyır:"Azərbaycan ABŞ iqtisadiyyatına milyardlarla dollar investisiya qoyub. Həmçinin iki ölkə arasında ticarət dövriyyəsi ildən-ilə artır. Azərbaycanın yaratdığı enerji dəhlizi ABŞ-ın maraqlarına uyğundur və bu istiqamətdə ölkəmizə hər zaman dəstək verir. Azərbaycan da ABŞ-ın əsas müttəfiqləri - Avropa Birliyi ölkələri, İsrailin enerji məhsulları ilə təminatında etibarlı tərəfdaş kimi çıxış edir. Zənnimcə, bu əməkdaşlıq həm ABŞ-ın, həm də Azərbaycanın maraqlarına uyğundur".A.Mollazadə əlavə edib ki, ABŞ rəhbərliyi anlayır ki, regionun əsas lideri olduğuna görə Azərbaycanla əməkdaşlıq daha da gücləndirilməlidir.

yap.org.az

Digər xəbərlər