"Azərbaycanda əsl gerçəkləri hər kəs gəldi və gördü" ÖZƏL-MÜNASİBƏT

“Biz həqiqətən də UEFA Avropa liqasının final oyununu Bakıda keçirməklə bir daha Azərbaycanın ən yüksək təşkilatçılıq bacarığının olduğunu dünyaya göstərmiş olduq". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Siyasi şərhçinin sözlərinə görə, Bakıda keçirilən Avropa liqasının finalı ərəfəsində və finaldan sonra ölkəmizə gəlib-gedəb turistlər, tamaşaçılar heç biri ölkəmizdən narazı getmədilər: "Çünki hər şey yüksək səviyyədə təşkil olunmuşdu, qayda-qanun, nizam-intizam öz yerində idi. Hətta dünyanın ən aqressiv azarkeşləri olan ingilis azarkeşlər belə buradan razı getdilər. Düzdür, müəyyən qüvvələr Azərbaycana qarşı təbliğat aparırdılar və oyuna qarayaxmağa çalışırdılar. Amma o qarayaxmalar final oyunu keçirilən gün darmadağın oldu. Ona görə ki, əsl gerçəkləri hər kəs gəldi və gördü.Madriddə keçirilən Çempionlar liqasının finalına gəlincə deyərdim ki, oranı bizim qədər gözdən salmağa çalışanlar yox idilər. Məhz Çempionlar liqasının final oyunu keçirilən gün və təbiidir ki, oyundan sonrakı müddətdə baş verənlər bir daha göstərdi ki, hətta İspaniya belə Azərbaycanla ayaqlaşa bilmir. Orada istər azarkeşlərin can güvənlikləri probleminin olması, istərsə də stadiona gediş zamanı yollardakı uzun tıxaclar, eyni zamanda saxta bilet satışının təşkil olunması, saxta nəzarətçilərin ortaya çıxması və s. bütün bunlar əlbəttə ki, İspaniyada baş verdi. Lakin Azərbaycanda bunların heç biri baş vermədi. Bu baxımdan artıq beynəlxalq, xüsusən də Avropa mediasında müzakirələr aparılır. Biz xüsusilə də sosial media üzərindən paylaşımlara diqqət etdik. Orada açıq mətnlə yazılırdı ki, Bakıdakı oyun həqiqətən də çox yüksək səviyyədə idi. Hətta qeyd olunurdu ki, Çempionlar liqasının final oyunu da Bakıda keçirilsə idi daha yaxşı olardı. Bu bir daha göstərir ki, Azərbaycan həqiqətən də bu məsələlərdə kifayət qədər ustalaşıb”.

sia.az