Siyasət

  • 4 266

Belqradda Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

image

Belqradda Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib.Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Serbiya tərəfindən isə Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin direktoru Zoran Vuyiç rəhbərlik edib.

Tərəflər iki ölkə arasında dostluq və əməkdaşlıq şəraitində inkişaf edən qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin ölkələrimizin tərəqqisi üçün vacib amil olduğunu məmnuniyyətlə qeyd ediblər.
Məsləhətləşmələrdə Azərbaycanın bilavasitə təşəbbüsü, dəstəyi ilə həyata keçirilən regional, beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizinin və onun tərkib hissələri olan TANAP, TAP layihələrinin, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin, Bakı beynəlxalq dəniz ticarət limanının və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsinin ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığının və bu gün artıq beynəlxalq nəqliyyat qovşağına çevrilməsinin göstəricisi olduğu vurğulanıb.
Tərəflər Azərbaycan ilə Serbiya arasında dövlət və hökumət başçıları səviyyəsində daimi əsasda davam etdirilən siyasi dialoqun müstəsna rolunu önə çəkiblər. Qeyd olunub ki, bu günədək iki ölkə arasında 31 sənədin imzalanması və bir sıra sazişlərin baxılmaqda olması əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsindən xəbər verir. O cümlədən strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyi bildirilib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi, həmçinin Kosovo və Metoxiya məsələsi, bölgədə baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, Azərbaycan Respublikası ilə Serbiya arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti və biznes forumlarının təşkilinin ikitərəfli əməkdaşlığın zəngin potensialından daha səmərəli şəkildə faydalanmağa əlavə təkan verə biləcəyi barədə ümumi fikirlər səsləndirilib.
Aparılan fikir mübadiləsi zamanı Azərbaycan və Serbiyanın BMT və digər müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və qarşılıqlı dəstək göstərilməsinin perspektivləri müzakirə olunub və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.
Görüş əsnasında ikitərəfli və çoxtərəfli gündəliyə aid digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Daha sonra Azərbaycan nümayəndə heyəti Serbiya parlamentinin sədr müavini Vladimir Marinkoviç ilə görüş keçirib. Görüşdə ölkələrimizin parlamentləri arasında fəal əməkdaşlığın olduğu, qarşılıqlı səfərlərin intensiv xarakter daşıdığı məmnunluqla ifadə edilib.
Səfər çərçivəsində nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin Belqrad şəhərindəki “Taşmaydan parkı”nda ucaldılmış abidəsini ziyarət edib, önünə əklil qoyub və xatirəsini ehtiramla yad edib. Bundan başqa, nümayəndə heyəti görkəmli serb yazıçısı Milorad Paviçin abidəsini, 1999-cu ildə NATO bombardmanları zamanı həlak olmuş uşaqların xatirəsinə həsr olunan “Biz sadəcə uşaqlar idik” abidəsini də ziyarət edib.
Sonra nümayəndə heyəti Serbiyanın Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində, səfirlikdə və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzində olub, Serbiyadakı Azərbaycan icması ilə görüşüb.

yap.org.az

Digər xəbərlər