"Paşinyan çətin ki əvvəlki nüfuzunu bərpa edə bilsin” ÖZƏL - ŞƏRH

“Ümumiyyətlə, Ermənistanın baş naziri Nikol Paşinyan get-gedə əvvəlki baş nazir Serj Sarkisyanın siyasi gedişlərini təkrarlamağa başlayır. Paşinyan xalqın sosial protesti nəticəsində hakimiyyətə gəldi. Amma ötən bir il ərzində o vədlərin heç birini yerinə yetirə bilmir. Beləki Ermənistanda iş yerləri artmır, maaşlar qalxmır, insanlar təhlükəsizlik hiss etmirlər, Dağlıq Qarabağ məsələsinin həllində hər hansı bir irəliləyiş yəni Ermənistanın mövqeyinin möhkəmlənməsi yoxdur. Yəni bu baxımdan Paşinyan da Sarkisyanın atdığı addımları atır". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Deputatın sözlərinə görə, Paşinyan vaxtaşırı Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməklə və cəbhə xəttində atəşkəs rejimini pozmaqla gündəmdə qaldığını sübut etməyə çalışır: "Dağlıq Qarabadakı Ermənistan silahlı birləşmələrinin atşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Elşən Xəlilovun şəhid edilməsi onu göstərir ki, Paşinyan bu gün öz hakimiyyətini möhkəmləndirməkdən ötrü bu cür provokasiyalara əl atır. Əlbəttə ki, Azərbaycanın səbri tükənməz deyil və bu cür hərəkətlərin cavabını Ermənistan mütləq alacaqdır. Ancaq bir tərəfdən bu addımları atmaq, digər tərəfdən isə sülhə hazır olduğunu bəyan etmək bir-birinə ziddiyyət təşkil edir. Eyni zamanda bu cür hərəkətlərin danışıqlar prosesi ərəfəsində və ATƏT-in Minsk qrupunun regiona səfəri zamanı etmək onu göstərir ki, Paşinyan artıq əvvəlki sosial problemləri həll edəcək “qəhrəman” imicini kirlətdi. Rəy sorğuları isə göstərir ki, Paşinyan reytinqini günü-gündən itirir. Bu zaman o müharibə çağırışları etməyə və ən əsası cəbhə xəttində vəziyyəti gərginləşdirməyə çalışır. Ancaq bununla o Ermənistanın özünə zərbə vurduğunun fərqinə varmır.Ermənistanda keçirilən digər rəy sorğusuna görə, bu gün Dağlıq Qarabağ məsələsini Ermənistanın bir nörməli məsələsi hesab edənlərin sayı cəmisi 25 faizdir. Yəni əhalini sosial problemlər, iş yerləri, gələcəyə inam daha çox maraqlandırır, nəinki Dağlıq Qarabağ məsələsi. Bu cür ucuz priomlarla Paşinyan çətinki əvvəlki nüfuzunu bərpa edə bilsin”.

sia.az