Ağacan Abiyev: Azərbaycan bu gün dünyada idman ölkəsi, mötəbər beynəlxalq yarışların keçirildiyi məkan kimi tanınır

“Azərbaycan bu gün dünyada idman ölkəsi, mötəbər beynəlxalq yarışların keçirildiyi məkan kimi tanınır”. Bu fikri Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, bu uğurların qazanılmasında paytaxtımızla yanaşı, regionlarda inşa edilən müasir Olimpiya İdman komplekslərinin və idman qurğularının böyük rolu var. Onun sözlərinə görə, Azərbaycanda idmanın inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir.
“Bu kompleks tədbirlərə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən mövcud idman qurğularının qorunub saxlanılması, yenidən qurulması, beynəlxalq standartlara uyğun yeni stadionların, Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsi daxildir. Son illərdə respublikamızın şəhər və rayonlarında 45 Olimpiya İdman Kompleksi, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Milli Gimnastika Arenası, Stend Atıcılığı üzrə İdman Kompleksi və digər iri idman qurğuları tikilib istifadəyə verilib. İdmanın müxtəlif növləri üzrə Azərbaycan milli komandalarının təlim-məşq toplanışlarının, idmançıların gündəlik məşqlərinin, eləcə də beynəlxalq idman turnirlərinin, respublika və zona yarışlarının keçirildiyi bu idman obyektləri, eyni zamanda, əhalinin də ən çox üz tutduğu məkanlardandır. Regionlarda idmanın inkişafı, bölgələrdə yaşayan gənclərin sağlam həyat tərzi sürmələri, onların idmanla sərbəst məşğul olmaları üçün Olimpiya İdman kompleksləri mühüm rol oynayır”-deyə, A.Abiyev vurğulayıb.

yap.org.az