Siyasət

  • 3 523

"Mətbuat Şurası İkram Rəhimova çox xəbərdarlıq etdi" ÖZƏL-ŞƏRH

image

"Ümumiyyətlə, İkram Rəhimov və onun rəhbərlik etdiyi reallıq.info saytı barədə Azərbaycan Mətbuat Şurasında çox intensiv şəkildə şikayətlər daxil olurdu. Biz 2007-ci ildə “Reallıq” adlı qəzet və eyni adlı saytla bağlı bir neçə dəfə şikayətləri müzakirə etdik. Hər dəfəsində də İkram Rəhimova xəbərdarlıq edirdik ki, bu şikayətlər var, həmin şikayətlər haqlıdır və ona görə də öz əməllərindən əl çəksin. Təəssüflər olsun ki, bu şəxs öz əməllərində dönüş etmək əvəzinə və Mətbuat Şurasının xəbərdarlıqlarını nəzərə almaq əvəzinə daha da aqressivləşdi və fərqli addımlar atmağa başladı. O günahı özündə deyil, başqalarında axtarmağa başladı". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.Sədr müavinin sözlərinə görə, İkram Rəhimov gah Mətbuat Şurasını ittiham edirdi, gah da Azərbaycan dövlət qurumlarını ittiham edirdi və s. Biz elə bilirdik ki, o hansısa izahatda çətinlik çəkir və yaxud başa düşmür: "Amma bu proseslər sonda göstərdi ki, heç də belə deyil. O sadəcə başa düşür və kimlər tərəfindənsə yönləndirilir. Niyə yönləndirilir? O KİV-dən sui-istifadə edərək həm kimlərəsə hədə-qorxu gəlirdi, şantaj edirdi, böhtan ataraq qarşılığında maddi gəlir əldə edirdi, həm də müəyyən siyasi qrupların yönləndirilməsi ilə ayrı-ayrı dövlət məmurlarını hədəf seçirdi və onları şantaj edirdi. Əslində müasir dövr reketçilikdə bundan ibarətdir. İndiki dövrdə reket jurnalistlər öncəki illərdə olduğu kimi təkcə gedib siravi vətəndaşlar, iş adamlarını hədə-qorxu gəlib, şantaj edib pul almırlar. Onlar eyni zamanda müxtəlif siyasi və iqtisadi qrupların əlində alətə çevrilirlər. Bu adamlar hansısa istər daxildə, istərsə də xaricdəki siyasi mərkəzlərin əlində alətə çevrilirlər və digər siyasətçilər, məmurlar, dövlət qulluqçuları üzərinə hücuma keçirlər. Bu indiki reket jurnalistlərin əsil simasıdır.Biz ona Mətbuat Şurası olaraq zamanla çox xəbərdarlıq etdik ki, bu əməllərindən əl çəksin. Amma o bunu etmədi. Ona görə də Mətbuat Şurasına şikayət edənlər sonda məcbur olub məhkəmələrə, dövlət qurumlarına və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdilər. DTX isə bu məsələlərə operativ reaksiya verdi və artıq onun həbsinə qərar verildi. Amma İkram Rəhimov yenə də günahı başqasında axtarırdı və istəyirdi ki, ayrı-ayrı adamları şərləsin. Həmin vaxtı bilirsiniz ki, DTX onun səs yazılarını açıqladı. Orada da göstərildi ki, bu adam ayrı-ayrı vətəndaşlara necə hədə-qorxu gələrək müəyyən maddi vəsait tələb edib. Burada nə DTX-nın, Mətbuat Şurasının, nə də ayrı-ayrı dövlət qulluqçularının, məmurların günahı yoxdur. Sadəcə olaraq günah onun özündədir. Arzu edək ki, tezliklə o səhvini başa düşsün və islah olunaraq həbsdən azad olunsun”.

sia.az

Digər xəbərlər