Siyasət

  • 6 287

Dahi xilaskar, unudulmaz Lider! ANALİTİK

image

Ümummilli Lider Heydər Əliyev: "Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərkən məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm"

Dünyanın inkişaf etmiş dövlətlərinin tarixi təcrübəsi də sübut edir ki, hər bir xalqın, millətin tərəqqisində onun siyasi liderləri mühüm rol oynayır. Yəni, tarixi proseslərdə şəxsiyyətlərin xidmətləri böyük əhəmiyyət kəsb edir və buna görə də "Şəxsiyyətlər tarix yaradır" ifadəsi əbəs yerə deyilmir.
Tarix 20-ci əsrdə Azərbaycan xalqına Heydər Əliyevin timsalında, doğrudan da, dahi bir rəhbər və müdrik dövlət xadimini bəxş etdi. Ölkəmiz 1991-ci ildə yenidən müstəqilliyini bərpa edəndə Azərbaycanda, sözün həqiqi mənasında, belə güclü liderə ehtiyac yaranmışdı. Gənc müstəqil dövləti daxili və xarici qüvvələrin təhdidlərindən qorumaq və qısa vaxtda dövlətçiliyin dayaqlarını möhkəmləndirmək üçün xalqımız 1993-cü ildə haqlı olaraq müdrik dövlət xadiminə üz tutdu və onun timsalında həqiqi xilaskarını tapdı. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasında çalışan Ulu Öndər yaxşı bilirdi ki, onun Azərbaycan rəhbərliyinə qayıdışını istəməyən böyük qüvvələr var. Hətta onun fiziki məhv edilməsi də reallıq idi. Amma Heydər Əliyev bu təhlükələrə baxmadan xalqına dar gündə kömək etmək qərarına gəldi və tərəddüd etmədən 1993-cü ilin iyununda Bakıya qayıtdı. Axı yaxşı bilirdi ki, milyonlarla insanın ümidli baxışları ona dikilib və müstəqilliyini qurbanlar hesabına qazanan bir xalq dövlətçiliyin sükanı arxasında məhz Heydər Əliyev kimi təcrübəli və qətiyyətli siyasi lideri görmək arzusundadır."Mən ömrümün qalan hissəsini də bundan sonra xalqıma həsr edəcəyəm" deyən dahi rəhbər siyasi hakimiyyətə qayıdışından dərhal sonra müstəqilliyimizin qorunub möhkəmləndirilməsi üçün ən vacib tədbirlərə əl atdı. Mühüm siyasi-iqtisadi islahatlara başlandı və müstəqil dövlətçiliyin inkişafına maneə törədən daxili və xarici qüvvələrə qarşı kəskin mübarizə aparıldı. Çünki cəmiyyəti sağlam qüvvələr hesabına möhkəmləndirmədən islahatları həyata keçirmək mümkün deyildi. 1994-1995-ci illərdə baş verən dövlət çevrilişi cəhdlərinin qətiyyətlə dəf edilməsi bir həqiqəti sübuta yetirdi ki, Azərbaycan xalqı öz siyasi liderinin ətrafında sıx birləşib. Ziyalılar, sənət adamları, təsərrüfat işçiləri, sadə insanlar, bir sözlə, hamı Heydər Əliyev dühasına inandı və ümid etdi ki, yalnız belə bir təcrübəli dövlət xadimi müstəqil Azərbaycanı gözlənə bilən bütün təhlükələrdən xilas etməyə qadirdir. Bu gün uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası da məhz Ulu Öndərimizin bizlərə qoyduğu siyasi irsin tərkib hissəsidir. Əbəs deyil ki, əldə edilən hər bir uğurlarda YAP-ın da müstəsna rolunun olduğunu vurğulanır."Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanması, daimi və əbədi olması bundan da çətindir" fikrini söyləyən dahi rəhbər, əslində, hələ ötən əsrin 70-80-ci illərində, Azərbaycan Sovetlər birliyinin tərkibində olduğu bir zamanda xalqımızın böyük gələcəyinə hesablanmış islahatlara imza atmışdı. Görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan indiki Hərbi liseyin məhz həmin dövrdə yaradılması Heydər Əliyevin müdrikliyindən və uzaqgörənliyindən xəbər verdi. Belə bir təhsil müəssisəsinin Azərbaycanda yaradılmasına nail olmaq hər rəhbərə nəsib olan iş deyildi. Yalnız qətiyyətli, riskli addım atmağı bacaran, ən başlıcası xalqı üçün ömrünü şam kimi əridən bir rəhbər belə vacib vəzifənin öhdəsindən gəlməyi bacarardı. Müasir Azərbaycan Ordusunun formalaşmasında, milli zabit kadrların hazırlanmasında həmin təhsil müəssisəsinin müstəsna rolu vardır.Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışı, həqiqətən də, çox mürəkkəb, çətin bir şəraitə təsadüf etdi. Yəni, həmin dönəmdə müstəqil dövlətçiliyimiz həlledici bir dövrünü yaşayırdı. Amma müdrik rəhbərin vaxtında həyata keçirdiyi strateji inkişaf strategiyası müstəqil dövlətçiliyimizin qorunub möhkəmlənməsində müstəsna rol oynadı. Və bu strateji xəttin əsas istiqamətlərindən biri də vahid komandanlıqdan idarə edilən nizami ordunun yaradılması idi. Axı müstəqilliyimizin ilk illərində Azərbaycan qonşu Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdı, Dağlıq Qarabağ və ona bitişik ərazilər işğal edilmişdi. Belə çətin şəraitdə, döyüşlər getdiyi bir vaxtda nizami ordunun yaradılması olduqca çətin idi. Amma uzaqgörən siyasətçi çox qısa vaxt ərzində bu vəzifənin öhdəsindən layiqincə gəlməyi bacardı. Bu gün fəxrlə deyirik ki, müasir müstəqil Azərbaycan, həmçinin Silahlı Qüvvələrimiz ulu öndər Heydər Əliyev dühasının, onun misilsiz xidmətlərinin bəhrəsidir.1993-cü ilin 15 iyun günü tariximizdə Milli Qurtuluş Günü kimi qeyd olunur. Məhz həmin gün ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qədəm qoyan Ulu Öndərimiz öz qayıdışı ilə qurtuluşa nail oldu, Azərbaycan xalqına müasir müstəqil dövlətçiliyimizi yadigar qoydu. Zəngin idarəçilik bacarığı olan dahi dövlət xadimi ölkəmizin bütün sahələrinin inkişaf etdirilməsinə nail oldu, siyasi-iqtisadi münasibətlər sistemində müasir inkişafın bünövrəsini yaratdı. 1994-cü ilin sentyabrında inkişaf etmiş dövlətlərin aparıcı şirkətləri ilə "Əsrin müqaviləsi" adlanan neft kontraktı imzalandı. Bu hadisə təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət kəsb edən mühüm hadisə idi. Belə mühüm müqavilənin imzalanması bir tərəfdən ölkədə yaranmış uzunmüddətli ictimai-siyasi sabitliyin göstəricisi idisə, digər tərəfdən beynəlxalq aləmdə müstəqil dövlətimizin artan nüfuzu demək idi.
Ümummilli Liderin önəm verdiyi bütün məsələlər yalnız bir məqsədə - gənc müstəqil dövlətin hərtərəfli inkişafının təmin edilməsinə hesablanmışdı. Azərbaycanda elə bir sahə yox idi ki, diqqətdən kənar qalsın. Aparılan bütün islahatlar xalqın milli düşüncə tərzinin, vahid azərbaycançılıq ideologiyasının inkişafına zəmin yaratdı. Xalqımız öz dahi rəhbərinin ətrafında sıx birləşməklə möhkəm iradə nümayiş etdirdi və bütün sınaqlardan üzüağ çıxmağı bacardı.Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ən başlıcası Heydər Əliyev irsi, dahi rəhbərin ölməz ideyaları insanların şüuruna möhkəm həkk edilib. Bu gün hər birimiz yaxşı bilirik ki, Ulu Öndərimizin ideyalarına sadiq olmaqla müstəqilliyimizin daha da möhkəmlənməsinə dəyərli töhfəmizi əsirgəmirik. Azərbaycan bütün sahələrdə inkişaf edir, beynəlxalq layihələrin iştirakçısıdır, möhkəm siyasi və hüquqi dövlətçilik strategiyasına malikdir.

Fərrux HAQVERDİYEV,
YAP Xızı rayon təşkilatının sədri

Digər xəbərlər