"Milli Qurtuluş Günü hər bir vətəndaşın həyatında əlamətdar hadisədir" ÖZƏL - ŞƏRH

“Bu günlərdə bütün Azərbaycan xalqı dövlətçilik salnaməmizin ən uca zirvəsində dayanan tarixi hadisəni- Milli Qurtuluş Gününü böyük sevinclə qeyd edir”. Bunu SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov deyib.Onun sözlərinə görə, 1993-cü il siyasi hadisələrin mürəkkəbliyi ilə seçilir: “O dövrdə Azərbaycanda mövcud olan hakimiyyətsizlik, müxtəlif siyasi qruplar arasında yaranan gərginlik, şəxsi maraqarın dövlətçilik mənafelərindən üstün tutulması ölkədə itaətsizlik mühiti yaratmışdı. Müstəqillik Aktı qəbul olunsa da ölkədə baş alıb gedən hərc-mərclik, hakimiyyətsizlik, iqtisadi tənəzzül insanların sabaha inamını azaldırdı. Bu gün hər bir Azərbaycan vətəndaşı keçmişə nəzər salaraq sual edir: O qarışıq dövrdə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı Azərbaycanın taleyi necə olardı? Ermənistanın torpaqlarımıza əsassız iddiası insanlarda təlaş yaratmışdı. Elan olunmamış müharibədən əziyyət çəkən ölkə vətəndaşlarının vəziyyəti acınacaqlı idi. Dövlətçilik adında heç nəyin olmadığı ölkədə dövlət strukturlarının fəaliyyətindən söhbət gedə bilməzdi. İyun ayının 9-da xalqın tələbi ilə Bakıya gələn, Gəncə qiyamını müdrikliyi ilə aradan qaldıran ulu öndər Heydər Əliyev xilaskarlıq adını əbədiləşdirdi, ölkədə sabitlik yaratdı. Ona görə də tam mənası ilə demək olar ki, Milli Qurtuluş Günü hər bir Azərbaycan vətəndaşının həyatında əlamətdar hadisədir.AXC-Müsavat iqtidarı dövründə ölkədə yaranan xaosu səriştəsiz rəhbərlərin yarıtmaz fəaliyyəti adlandıran Tağı Əhmədov bildirdi ki, o dövrdə daxili və xarici qüvvələrin təsirinə baxmayaraq müdrik siyasəti ilə müstəqilliyimizin qarantı olan Ulu Öndər xalqımıza bələdçilik etdi: “Bu bir həqiqətdir ki, siyasi sabitliyi bərqərar olmayan ölkədə inkişafdan, iqtisadi tərəqqidən söhbət gedə bilməz. Məqsəd, hədəf bu idi ki, müstəqil Azərbaycanın gələcək inkişaf yolu xalqın istəyinə uyğun müəyyənələşdirilməli, dövlətçilik mənafeləri bir amala yönəlməlidir. O çətin dövrdə məhz Ulu Öndərin siyasi qətiyyəti nəticəsində imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycana maraq yarandı, ölkəmizin dünyada tanınması istiqamətində önəmli addımlar atıldı. İqtisadi inkişafı, iqtisadi müstəqilliyi şərtləndirən sabitlik yarandı, ordu quruculuğu istiqamətində islahatlar aparıldı”.

sia.az