"Orduda xidmət edən hər kəsi ancaq Vətənə xidmət düşündürür" ÖZƏL -MÜNASİBƏT

"Azərbaycan Respublikasının Milli Ordusu 26 iyunda yaranmasının 101 illiyini qeyd edəcək. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olsa da Milli Ordunu yarada bilmişdi. Müstəqil Azərbaycan Respublikası AXC-ni öz siyasi varisi qəbul etdiyindən Milli Ordunun yaranması tarixi də 101 il əvvəl olmuşdur. Amma ikinci dəfə müstəqilliyi əldə edən Azərbaycanın Milli Ordusu Heydər Əliyevin dövlətçilik təcrübəsi üzərində qurulduğundan günü–gündən inkişaf edərək qısa bir dövrdə böyük bir inkişaf yolu keçərək dünyanın ən güclü orduları sırasına daxil olmuşdur". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə, Milli Ordumuz qısa bir tarixdə uğurlu bir yol keçib: "Həm maddi-texniki bazasının müasirləşdirilməsində, həm də mütəmadi keçirilən təlimlərlə təcrübə və bacarıqlarının artırılması ilə tam mükəmməlləşib. Bu gün Azərbaycan Milli Ordusunda dünyanın ən qabaqcıl texnologiyaları ilə uzaqdan idarə olunan silahlar mövcuddur. Milli Ordumuzun əsgər və zabitləri tam şəkildə dövlət qayğısı ilə əhatə olunub ki, bu da orduda xidmət edən hər kəsi ancaq Vətənə xidməti düşündürür. Azərbaycanın Milli Ordusu bu gün Ali Baş Komandan tərəfindən qarşılarına qoyduğu hər bir hərbi tapşırığı qısa bir zamanda icra etməyə hazırdır. Torpaqlarımızın erməni işğalı altında qalması da ordumuzun daha çevik və təcrübəli olmağını tələb edir. Məhz ordumuzun artan gücünün göstəricisidir ki, Aprel hadisələrində və Naxçıvan əməliyyatlarında bir neçə gündə zəfər çalaraq 10 minlərlə hektar torpağımızı düşmən tapdağından azad etmişdir. Bu gün milli ordumuz işğal altındakı bütün torpaqlarımızı qısa bir zamanda işğaldan azad etməyə hazırdır və düşünürəm o gün uzaqda deyil".

sia.az