Tahir Süleymanov: Bu gün Azərbaycan sözün əsl mənasında rifah dövlətidir

“Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti Azərbaycanı bütün sahələrdə uğurla, tərəqqi ilə təmin edir. Məhz bunun sayəsində bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqeləri kifayət qədər güclüdür və dünyada Azərbaycana etibarlı tərəfdaş kimi yanaşırlar”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

T.Süleymanov bildirib ki, Prezident İlham Əliyevin siyasətində milli maraqların təmin olunması əsas təşkil edir. Onun sözlərinə görə, milli maraqların təmin olunması qazanılan uğurlarda başlıca rol oynayır.
“Bu siyasətin nəticəsındə Azərbaycan hər bir sahədə inkişaf edir. Xüsusilə enerji siyasəti yeni-yeni uğurlar qazandırır. Məhz bu siyasətin sayəsində Bakı-Tbilisi-Ceyhan strateji neft kəməri, Bakı-Tbilisi-Ərzurum strateji qaz kəməri, Bakı-Tbilisi-Qars strateji əhəmiyyətli dəmiryolu xətti, şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizləri gerçəkləşib. Təbii ki, bunlar möhtəşəm nailiyyətlərdir. Həmin siyasətin sayəsində bu gün Azərbaycan dünyanın həm enerji, həm də nəqliyyat xəritəsini dəyişir. Biz bu gün Avrasiya məkanında mühüm bir nəqliyyat mərkəzlərindən birinə çevrilmişik. Bununla belə Azərbaycan Avropanın enerji təhlükəsizliyində yeni alternativ enerji mənbəyi kimi çıxış edir. Təbii ki, bunun sayəsində bizə olan etimad, inam da artıb. 2020-ci ildən etibarən artıq Azərbaycan qazı Avropa bazarına çatdırılacaq ki, bu da Azərbaycanın dünyada həm də bir enerji ölkəsi kimi mövqelərini xeyli gücləndirən amildir. Bu gün Azərbaycan sözün həqiqi mənasında rifah dövlətidir. Yəni insanların sosial rifahı bu ölkədə yüksək səviyyədə təmin olunmaqdadır”-deyə, T.Süleymanov vurğulayıb.

yap.org.az