“Statik müdafiədən aktiv cilovlamaya” konsepsiyası aprel döyüşlərinin əsasını qoydu Mübariz Əhmədoğlu

"2015-ci ildən başlayaraq Ermənistanın o zamankı müdafiə nazirinin müavini, indiki müdafiə naziri David Tonoyan Ermənistanın vəziyyətinin getdikcə pisləşdiyini, o cümlədən demoqrafik və iqtisadi baxımından Ermənistanda uğur əldə etməyin çətinliyini başa düşdü və az imkanla daha böyük effekt yaratmaq niyyətində oldu. Bununla da əlaqədar “Statik müdafiədən aktiv cilovlamaya” konsepsiyasını ortalığa qoydu". Bunu SİA-ya verdiyi açıqlamada politoloq Mübariz Əhmədoğlu deyib.Politoloq bildirib ki, bu konsepsiyanın mahiyyətinə görə sayca az, zəif Ermənistan ordusu güclü Azərbaycan ordusuna qarşı mübarizə aparmaq bacarığına malik olmalıdır: "Qoşunların təmas xəttində, dövlət sərhədində erməni əsgərinin hər bir ölümü Ermənistan cəmiyyətində ruh düşkünlüyü yaradır. Bunun qarşısını almaq üçün Ermənistan kiçik, amma mobil qüvvələrlə vaxtaşırı hücuma keçib Azərbaycan ordusunu itkiyə məruz qoymalıdır. Bununla da Ermənistan cəmiyyətində hərbi əhval-ruhiyyə yüksək olaraq qalacaqdır".M.Əhmədoğlu qeyd edib ki, Tonoyan bu konsepsiyanı hazırladı, Vyanada ATƏT-in ofisində, sonradan Brüsseldə NATO-nun iqamətgahında rəsmilərin iştirakı ilə bu konsepsiyanın geniş müzakirəsi oldu: "Ən böyük müzakirə isə 2016-cı ilin fevralında Ermənistanda ziyalıların geniş iştirakı ilə təşkil olundu. Hamı, o cümlədən ATƏT və NATO da daxil olmaqla bütün ermənipərəst qüvvələr bu konsepsiyanı alqışladılar. Nəticədə 2016-cı ilin aprel ayı ərəfəsində Ermənistan ordusu bu konsepsiyaya uyğun əməliyyat keçirdi. Azərbaycan ordusu erməni ordusunun təxribatına layiqincə cavab verdi və nəticəsi də bəllidir. İndi də aprel döyüşləri ilə bağlı bəzi məsələləri Ermənistan tərəfi məxfi elan edib. Aprel döyüşlərindən sonra da NATO, ATƏT-də və Avropa İttifaqında olan havadarları aprel döyüşlərinin nəticələrinə xüsusi yer ayırdılar. Ermənistanın məğlubiyyətini kiçik, Azərbaycanın itkilərinin sayını artıq göstərmək məqsədilə xeyli qrant vəsaiti xərcləndi.“Statik müdafiədən aktiv cilovlamaya” konsepsiyasına bənzər tezislər yenidən D.Tonoyanın dilindən səslənir. ABŞ-da “yeni ərazilər uğrunda yeni müharibələr” tezisi də bu kateqoriyaya aiddir. Çox təəssüf ki, 2016-cı ildə “Statik müdafiədən aktiv cilovlamaya” konsepsiyasına Ermənistan rəhbərliyi etiraz etmədiyi kimi indi də N.Paşinyan “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasına dəstək verdi. Ermənistanın prezidenti S.Sərkisyanın sonu məhz 2016-cı ilin aprel döyüşlərindəki məğlubiyyətindən başladı. İndi hər hansı bir əməliyyat N.Paşinyanın sonunun bünövrəsini qoyacaqdır. Görünür, Ermənistanın Müdafiə naziri D.Tonoyanın indiki hərəkətlərində əsas məqsədi məhz budur".

sia.az