Siyasət

  • 4 975

Yeni Azərbaycan Partiyasının və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda forum keçirilib

image

İyunun 19-da Yeni Azərbaycan Partiyasının və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt Heydər Əliyev Mərkəzində “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda forum keçirilib.

BMT-nin elan etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədinin (DİM) təmin olunması istiqamətində görülən işlərə töhfə vermək məqsədi daşıyan forum iştirakçıları əvvəlcə müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəsətələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, forumun moderatoru Hüseyn Hüseynov bildirib ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında 25-27 sentyabr 2015-ci il tarixində Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq 17 dayanıqlı inkişaf məqsədi, 169 hədəf və 231 göstəricini özündə birləşdirən qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə dair qərar qəbul olunub. Sənəd “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” adlanır və Azərbaycan da daxil olmaqla 193 ölkə tərəfindən qəbul olunmuş qlobal sənəddir: “Sənəd davamlı inkişafın 3 müxtəlif aspektini əhatə edir: iqtisadi, sosial və ətraf mühit məsələləri. Hər bir sahə üzrə bütün dünyada qlobal səviyyədə qəbul olunmuş hədəf və göstəricilər müəyyənləşdirilib. Dayanıqlı İnkişaf Məqsədləri Minilliyin İnkişaf Məqsədləri ilə müqayisədə daha geniş və qlobal sənəddir. 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik 3 əsas prinsip üzərində qurulub. Bunlardan birincisi universallıq prinsipi adlanır. Bu prinsipin təkcə inkişaf etməkdə olan ölkələr üçün deyil, bütün dünya ölkələrinə tətbiq edilməsi nəzərdə tutulur. Bu çərçivədə bütün inkişaf kateqoriyasına aid olan ölkələr - istər inkişaf etmiş, istər inkişaf etməkdə olan, istərsə də aşağı inkişaf kateqoriyasına aid olan ölkələr üçün spesifik hədəflər müəyyənləşdirilib. Digər prinsip inteqrasiyalı yanaşma prinsipidir. Bu, bəhs olunan və digər strateji sənədlər çərçivəsində qəbul edilmiş məqsəd və hədəflərin bir-biri ilə uzlaşması məsələsini əks etdirir. BMT tərəfindən qəbul olunmuş bir sıra sənədlər dayanıqlı inkişaf məqsədlərinin hədəfləri ilə uyğunluq təşkil edir. Bu sənədlərin icrası, eyni zamanda, BMT tərəfindən qəbul edilmiş “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də öz əksini tapmış hədəf və məqsədlərə nail olunması ilə nəticələnəcəkdir. Digər bir yanaşma isə - “heç kimin geridə qalmaması” prinsipi ilə ifadə olunur”.
H.Hüseynov bildirib ki, forum dayanıqlı inkişafın 3, 5 və 9-cı məqsədlərinə həsr olunub. Belə ki, 3-cü məqsəd “Bütün yaşlarda hamı üçün sağlam yaşayışı təmin etmək və rifahı təşviq etmək”, 5-ci məqsəd “Gender bərabərliyinə nail olmaq və bütün qadınların və qızların səlahiyyətlərini genişləndirmək” və 9-cu məqsəd isə “Möhkəm infrastruktur qurmaq, inklüziv və dayanıqlı sənayeləşdirməni təşviq etmək və innovasiyaları həvəsləndirmək” məsələləri idi.
1 – ci paneldə səhiyyə nazirinin müavini Elsəvər Ağayev, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov məqsədlərə dair çıxışlar ediblər.
Panellər arasında Dayanıqlı İnkişaf Məqsədlərindən bəhs edən videoçarx nümayiş olunub.
2 – ci paneldə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, YAP Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Milli Məclisin deputatı Tahir Mirkişili və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Komitəsi sədrinin müavini Ceyhun Salmanov çıxışlar ediblər.
Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

yap.org.az

Digər xəbərlər