Parçalanmış “AXH”də növbəti gərginlik TƏRS BAXIŞ

İsgəndər Həmidov yenidən aranı qatdı və...
Artıq iki yerə parçalanmış “Azərbaycan Xalq Hərəkatı”nda (“AXH”) suların durulmayacağı öz təsdiqini kifayət qədər tapıb. Maraqlı məqam da budur ki, yarandığı dövrdən başlayaraq bu qurumda söz-söhbətlər, intriqalar yaradan əsas tərəf məhz AMDP sədri İsagəndər Həmidovdur. Yalnız öz maraqları kontekstindən çıxış edərək, şəxsi “liderliyini” qorumağa, bu vasitə ilə söz sahibi olmağa çalışan İ.Həmidov normall məsləhət və tövsiyələrdə bulunanların fikir və düşüncələrini qulaqardına vurur, özündən başqa kimsənin düşüncələrini tərəfdarları ilə paylaşmır.
Artıq o Azərbaycandadır və ölkədə olduğu müddətdə həmin gərginlik birə-beş artıb
Xüsusilə, “Ağ partiya” sədri Tural Abbaslı və tərəfdarları ilə fikirlərini bölüşməyən İ.Həmidovun bu dəfə Türkiyəyə müalicə almaq məqsədi ilə getməsi qarşı tərəfin sərt bəyanatları ilə nəticəsini tapıb. Daha dəqiq desək, AMDP sədrinin oradan videomüraciət ünvanlaması vəziyyəti daha da gərginləşdirib. Artıq o Azərbaycandadır və ölkədə olduğu müddətdə həmin gərginlik birə-beş artıb.Bu mənada T.Abbaslının intriqa tərəfi olaraq fikirləri maraq doğurur. O, Hımidovun bu və ya digər məsələlərdə dediyi sözlərinin hər birində qaranlıq məqamların olduğunu, söz oyunu oynadığını da bildirib.
Tural Abbaslı: “Nəsə demək istəmirəm, məncə, olanlarla bağlı hər kəs özü nəticəyə gəlib, qərar verməlidir"
“Nəhayət, uzun bir zamandan və müəmmadan sonra İsgəndər Həmidovun videomüraciəti yayıldı. Bütün bu məsələlər barədə birmənalı nəsə deməyi düzgün hesab etmirəm. Mənim üçün burada xeyli qaranlıq və müəmmalı məqamlar çoxdur”, deyə qeyd edən “Ağ partiya”nın sədri hələlik fikirlərini daha açıq deyib, kiminsə üzərinə şübhə salmaq istəmədiyini desə də, aşkar şəkildə İ.Həmidovun oyun oynadığını dolayısı ilə bildirib: “İ.Həmidov “tərəfdaşlarının həbsləri”, özünün sirli şəkildə “müalicəyə getməsi”, ”açıq ürək əməliyyatı keçirməsi", “sadəcə, müayinə olunması”, “hər şeyə nəzarət etməsi”, “siyasətdən getməsi”, “mübarizəyə davam edəcəyi” kimi bir-birini təkzib edən xəbərlərə aydınlıq gətirilməlidir. Hələlik bunlar olmayıb. Odur ki, nəsə demək istəmirəm, məncə, olanlarla bağlı hər kəs özü nəticəyə gəlib, qərar verməlidir".Göründüyü kimi, hətta xəstə olduğu müddətdə intriqalardan, təkzibedici fikirlərindən əl çəkməyən İ.Həmidov həqiqətən də siyasətdə yararsız birinə çevrilib və T.Abbaslının ittihamlarında müəyyən həqiqətləri süzmək mümkündür. Maraqlıdır, görəsən AMDP sədri bundan sonrakı müddətdə hələ də nə isə əldə edəcəyinimi düşünür? Əgər bu belədirsə, onda necə deyərlər, var naftalin iyi verən müxalifətin halına...

sia.az