Siyasət

  • 2 953

Güclü iqtisadiyyatın təminatı - ərzaq təhlükəsizliyi!ё

image

İlham Əliyev: “Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlətin verdiyi dəstək heç bir başqa ölkədə yoxdur”

Son illər Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub desək, yanılmarıq. Belə ki, qeyri-neft sektorunda mühüm istiqamətlərdən olan kənd təsərrüfatının inkişafının prioritet hesab edildiyi respublikamızda, ötən müddət ərzində görülən işlər, həyata keçirilən islahatlar öz məntiqi nəticəsini verməkdədir. Bunu isə şərtləndirən əsas amillərdən biri hər region üzrə spesifik olan sahələrin müəyyənləşdirilməsi və həmin sahələrin inkişafına diqqətin artırılmasıdır.

Təkzibolunmaz reallıqdır ki, bu gün Azərbaycan sürətlə inkişaf edir və həyatın bütün sahələrində ciddi dəyişikliklər müşahidə olunur. Bu isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi kimi, iqtisadiyyatın modernləşdirilməsi siyasəti vasitəsilə mümkündür.

Azərbaycanda analoqu olmayan dəstək

Artıq ənənəvi hal alan ölkə Prezident İlham Əliyevin regionlara səfərləri zamanı keçirdiyi müşavirələrdə dövlət tərəfindən verilən dəstəkdən danışarkən, bildirib ki, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstək heç bir başqa ölkədə yoxdur: “İlk növbədə, əgər biz vergi siyasətinə nəzər salsaq, görərik ki, ölkəmizdə fermerlər bütün vergilərdən azad olunublar, təkcə torpaq vergisindən başqa”.

Ölkə Prezidenti, həmçinin, fermerlərə göstərilən dövlət dəstəyindən danışaraq, bildirib ki, bu, dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir: “Əlbəttə ki, bu, dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir. Dövlət xətti ilə ən müasir texnika alınır... Fermerlərə subsidiyalar verilir. Qeyd etdiyim kimi, güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilir, metodik tövsiyələr verilir. Dövlət tərəfindən verilən tövsiyələr əsasında 40-a yaxın müasir aqropark yaradılır. Yəni sahibkarlara, fermerlərə dövlət tərəfindən bu qədər dəstək verilir və biz bunun nəticəsini də görürük. Sahibkarlar da, fermerlər də bu işlərə məsuliyyətlə yanaşırlar, götürülmüş kreditlər vaxtında qaytarılır. Növbəti illərdə bütün sahələr üzrə konkret işlər görüləcək”.

İqtisadi inkişaf baxımından dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb

Prezident İlham Əliyev Sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı əldə olunan nailiyyətlərdən danışırkən, bildirib ki, son 15 il ərzində iqtisadi baxımdan, dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır.

Dövlət başçısı kənd təsərrüfatı ilə bağlı aparılan islahatlar haqqında danışarkən, bildirdi ki, bu sahə daim diqqət mərkəzindədir: “Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə dünya miqyasında fermerlərə dəstək baxımından ən qabaqcıl ölkələrdən biridir. Həm də onlardan vergilər də tutulmur, torpaq vergisi istisna olmaq şərti ilə. Yəni bu sahəyə maksimum dəstək verilir. Bu sahədə aparılan islahatlar, əminəm ki, daha da böyük nəticələrə gətirib çıxaracaq. Hesab edirəm ki, idiki 3,6 faiz artım bizim potensialımızı tam əks etdirmir. Çünki bu qədər işlər görülür - həm meliorativ tədbirlər, həm dövlət tərəfindən dəstək. Fındıqçılıq, üzümçülük, pambıqçılıq, taxılçılıq, meyvəçilik, tərəvəzçilik sahəsində görülən işlər indi burada məruzədə də səsləndi. Yəni bizim istehsalımız və ixracımız böyük dərəcədə artır. Mən hesab edirəm ki, görülmüş işləri və islahatları nəzərə alsaq, kənd təsərrüfatında artım daha da yüksək ola bilər”.

“Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb”

Dövlət başçısı sözügedən müşavirədə bütün işlərdə sahibkarların rolunu da qeyd edərək, söylədi ki, son vaxtlar Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb: “Mən sahibkarları daim dəstəkləyirəm, sahibkarlarla çoxsaylı görüşlərdə onlara öz dəstəyimi ifadə edirəm, dövlət onları dəstəkləyir, həm güzəştli kreditlərlə, həm tövsiyələrlə və yaradılmış şəraitlə. Əgər infrastruktur layihələri olmasa idi, sahibkar investisiya qoya bilməzdi. Əgər işıq, qaz, yol yoxdursa, hansı sahibkar harasa vəsait qoya bilər. Biz bunu yaratdıq, üstəlik, kreditlər də verdik. Bu günə qədər sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Təkcə bu il 170 milyon manat həcmində kredit veriləcək, əvvəllər verilmiş və qaytarılan kreditlər hesabına. Ona görə sahibkarlar bundan sonra da fəal olmalıdırlar və yeni müəssisələr, iş yerləri yaradılmalıdır. Mən onlara tövsiyə etmişdim ki, mövcud müəssisələrdə əlavə iş yerləri yaratsınlar. Çünki dövlət 40 min ödənişli ictimai iş yeri yaradır. Mənə verilən məlumata görə, sahibkarlar bu il təqribən 8 min ödənişli ictimai iş yeri yaradacaqlar. Bu, onlar üçün böyük bir yük olmayacaq, ancaq vətəndaşların məşğulluq problemini həll edəcək”.

Beləliklə, göstərilən faktlar, bir daha sübut edir ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir və kənd təsərrüfatının bütün sahələrinin inkişafı isə Azərbaycanın ixrac potensialını artıracaq ki, bu da həm ölkəyə valyuta axınını artıracaq, həm də Azərbaycan məhsullarının dünya bazarlarına çıxışını sürətləndirəcək. Ən əsası isə, ərzaq təhlükəsizliyinin təmin olunmasına yol açacaq. Təsadüfi deyil ki, elə Prezident İlham Əliyev çıxışlarında ənənəvi olan sahələrin uğurla inkişaf etdirildiyini də bildirib: “Pambıqçılıq. Biz pambıqçılığın şöhrətini bərpa etdik. İki il ərzində çox böyük işlər görüldü. Pambıq sahələri 17 min hektardan 136 min hektara çatdırıldı... Tütünçülük, fındıqçılıq, baramaçılıq sürətlə inkişaf edir”.

Göründüyü kimi, Azərbaycan iqtisadiyyatının prioritet sahələrindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Əlbəttə ki, dövlət başçısının ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı görülən işlərin sürəti bundan sonra daha da artırılacaqdır. Çünki kənd təsərrüfatının inkişaf etdirilməsi, dövlətin iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə, zəmin yaradacaq. Azərbaycan yaxın illərdə özünü vacib ərzaq məhsulları ilə təmin etməklə yanaşı, həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevrilməsinə stimul verəcəkdir.

R.KAMALQIZI

Digər xəbərlər