"Ümummilli Lider hər bir azərbaycanlının qəlbində canlı bir sima kimi yaşayır" ÖZƏL -MÜNASİBƏT

“Bu ilin iyul ayının 14-də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi tamam olur. Mən deyərdim ki, bu 50 ildə Azərbaycanın bütün sahələrdə inkişafının, tərəqqisinin ucalığı Heydər Əliyevin adı ilə bağlıdır. Mən bu gün Ulu Öndəri canlılardan daha canlı hesab edirəm". Bunu SİA-ya açıqlamasında YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, BSU-nun rektoru, professor Nurlana Əliyeva deyib."Bizim atdığımız hər bir addımda - istər ölkəmizin tərəqqisində, vətəndaşlarımızın xoşbəxtliyində, gənclərimizin inkişafında, sosial problemlərimizin həllində, insanlarımızın həyat tərzinin dəyişməsində, vətənimizin günü-gündən gözəlləşməsində, istərsə də bütün dünyada onun nüfuzunun artmasında və s. belə düşünürəm ki, Heydər Əliyevin ideyalarının sarsılmaz təməli var. Bu gün Ümummilli Lider hər bir azərbaycanlının tərəqqisində, qəlbində, məhəbbətində canlı bir sima kimi yaşayır. Biz Azərbaycana məhəbbəti, bu vətənə hörməti, dilimizə, dinimizə məhəbbəti, inkişafımıza, intibahımıza doğru addımlamağı, övladlarımıza vətənpərvərlik duyğularının aşılanmasını, ordumuza məhəbbətin yüksəlməsininin hər birini Heydər Əliyevdən öyrənmişik. Bu gün Onun Azərbaycançılıq siyasəti vətənimizin ideyalarının, dövlətimizin siyasətinin təməlində sarsılmaz bir fundamental dayaq kimi dayanır. Ulu Öndər heç bir zaman ölməyəcək. Onun haqqında bu qədər cild-cild yazılan kitablar hələ də Heydər Əliyevin şəxsiyyətini tam açıqlamaya bilmir. Düşünürəm ki, əsirlər keçəcək Azərbaycan xoşbəxt bir ölkə kimi, xalqımız xoşbəxt bir xalq kimi yaşayacaq. Təbii ki, onun o səadətinin təməlində yenə də Ulu Öndərin Azərbaycançılıq siyasəti dayanacaq”-deyə, N.Əliyeva fikrini tamamlayıb.

sia.az