"Şəkinin tarixi mərkəzinin UNESKO-nun İrs Siyahısına salınması qürurvericidir” RƏY-ÖZƏL

“27 il əvvəl əsası qoyulan Azərbaycan-YUNESKO əməkdaşlığının əsas istiqamətlərindən biri Azərbaycanın mədəni və təbii irsinin qorunması olub. “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi", "Qobustan Qaya Sənəti Mədəni Landşaftı"ndan sonra Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin də bu siyahıya salınması qürurverici hadisədir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.O bildirib ki, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa öz töhfəsini verən ölkəmiz mədəni irsi, zəngin milli-mədəni dəyərləri ilə hər zaman nümunə olub, əhəmiyyətli təşəbbüslərlə çıxış edib, dünyada mədəniyyətlərarası ünsiyyət, anlaşma məkanı kimi tanınıb.Deputat söyləyib ki, tarixi - mədəni abidələri Dünya İrs Siyahısına salınması üçün təkliflərin dəyərləndirilməsində, müzakirələrin aparılmasında 2500-dən çox nümayəndənin iştirakı ilə Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi bunun bariz nümunəsidir: “Sessiyada Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində daha bir addım atıldı. Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Azərbaycan memarlığı və tarixinin bir hissəsi, xalqımızın maddi - mədəniyyət irsinin qiymətli nümunəsi - “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Dünya Mədəni İrs Siyahısına daxil edilməsi bir daha tariximizə və irsimizə verilən dəyərdir”.Bu sahədə ölkə Prezident İlham Əliyevin, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərinin misilsiz olduğunu deyən N.Həmzəyev qeyd edib ki, Onların yorulmaz fəaliyyəti nəticəində Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri artıq təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunacaq.Deputat əlavə edib ki, bundan sonra da ölkə başçısı İlham Əliyevin, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın milli mədəniyyətimizin, adət-ənənələrimizin dünyada tanıdılması istiqamətində apardıqları siyasət sayəində hələ neçə-neçə tarixi irsimizin təkrarolunmaz incisi, milli-mənəvi dəyərlərimiz YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil ediləcək, bəşəri əhəmiyyət daşıyacaq.

sia.az