Oğuzda Yeni Azərbaycan Partiyasının “Gənc liderlər üçün yay məktəbləri” uğurla davam edir

Oğuzda Yeni Azərbaycan Partiyasının “Gənc liderlər üçün yay məktəbləri” uğurla davam edir. Partiyanın gəncləri layihənin növbəti günündə Oğuz şəhərinin mərkəzində Umummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsinə böyük ehtiramlarını bildiriblər.
Daha sonra Milli Məclsin deputatı Kamilə Əliyeva gənclərlə görüşüb. K.Əliyeva bildirib ki, hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər. Onun sözlərinə görə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir: “Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinə hər zaman qayğı ilə yanaşırdı. Öz növbəsində, Azərbaycan gəncliyi də Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirir.
Bu gün də Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar”.
Millət vəkili qeyd edib ki, Azərbaycanda gəncliyin inkişafı ilə bağlı Dövlət proqramları həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir. “Təbii ki, bütün bunlarda məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Hesab edirəm ki, gənclər öz fəaliyyəti ilə dövlətin göstərdiyi etimadı doğrultmalıdırlar”-deyən, K.Əliyeva Yeni Azərbaycan Partiyasının da gənclər üçün reallaşdırdığı layihələrin əhəmiyyətini vurğulayıb. Millət vəkili, həmçinin ölkəmzidə gənclər siyasəti ilə bağlı mükəmməl qanunvericilik bazasının yaradıldığını diqqətə çatdırıb.
Görüşdə, K.Əliyeva gəncləri maraqlandıran sualları da cavablandırıb.
Sonra “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova liderlik kursu çərçivəsində gənclərə özünüidarəetmə və özünütərbiyə mövzularında təlim keçib. Bu təlim də gənclərdə böyük maraqla qarşılanıb.
Yay məktəbində gün ərzində həmçinin iştirakçı gənclərə Yeni Azərbaycan Partiyasının ideoloji istiqamətləri, partiyanın gənclər siyasəti haqqında məlumat verilib. Eləcə də, Oğuz şəhərində gəzinti, muzeylərlə, qədim alban kilsəsi, bu ərazidə yaşayan azsaylı xalqların mədəniyyəti ilə ilə tanışlıq baş tutub.
Yay məktəbinin iştirakçıları arasında interaktiv oyunlar da keçirilib. Günün sonunda isə əyləncəli şou-proqram təşkil edilib.

yap.org.az