Siyasət

  • 3 333

Batumidə Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

image

İyulun 11-də Batumi şəhərində Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyinə həsr olunmuş yüksək səviyyəli beynəlxalq konfrans keçirilir.

Konfransda Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk, Avropa İttifaqına və "Şərq Tərəfdaşlığı"na üzv olan altı tərəfdaş ölkənin yüksək vəzifəli şəxsləri, akademik dairələrin, qeyri-hökumət təşkilatlarının və biznes sektorunun nümayəndələri iştirak edirlər.
Azərbaycanı tədbirdə Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev, İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov təmsil edirlər. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər də iştirak edirlər.
Açılış mərasimində Gürcüstanın Baş Naziri Mamuka Baxtadze, Prezident Salome Zurabişvili, Xarici İşlər naziri David Zalkaliani, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk çıxış edərək “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın əsas prioritetləri barədə məlumat veriblər.
Konfransda “Şərq tərəfdaşlığı” proqramının nailiyyətləri, 2020-ci ilə qədər əməkdaşlıq planları və cari geosiyasi vəziyyət müzakirə olunacaq.
Bundan başqa tədbirdə əməkdaşlığın əsas istiqamətlərinə həsr olunmuş tematik sessiyalar təşkil olunacaq. İştirakçılar əməkdaşlığın gücləndirilməsi üçün və 2020-ci ildən sonra Avropaya inteqrasiya proseslərinin təşviqi ilə bağlı yeni ideyalarla bölüşəcəklər.
Tədbir iştirakçıları, həmçinin demokratik proseslər, Qara dənizdə təhlükəsizlik və bölgədə davam edən münaqişələr, tərəfdaşların Aİ ilə iqtisadi inteqrasiyanın daha da dərinləşdirilməsinə yönəlmiş nəqliyyat, energetika və digər iqtisadi sahələr üzrə layihələri nəzərdən keçirəcəklər.
M.Məmmədquliyev konfransda çıxış edərək Azərbaycanın Avropa İttifaqı ilə, eləcə də “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığı barədə məlumat verəcək. Bununla yanaşı, o, panel sessiyalarda iştirak edəcək, qaldırılan məsələlərə münasibət bildirəcək.
Konfrans işini iyulun 12-də davam etdirəcək.

yap.org.az

Digər xəbərlər