Siyasət

  • 2 442

Yeganə məqsəd xalqın rifah halını daha da yaxşılaşdırmaqdır!

image

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin də başlıca məqsədi məhz budur

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirənin iştirakçılarına ünvanladığı təbrikdə deyilir: “Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası da Azərbaycan Xalq Cümhuriyyətinin üzləşdiyi çətinliklərlə qarşılaşmışdı. Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları və torpaqlarımızın işğalı, mürəkkəb siyasi proseslər, sosial-iqtisadi problemlər müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasının taleyini sual altına qoymuşdu.

1993-cü ilin iyununda xalqın israrlı tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı tariximizdə dönüş nöqtəsi oldu. Heydər Əliyev Azərbaycanı o ağır vəziyyətdən qurtararaq inkişaf yoluna çıxardı, ölkəmiz bütün sahələrdə inamla irəliyə doğru addımlamağa başladı və xarici siyasət strategiyamızın təməl prinsipləri müəyyən olundu. Ötən dövr ərzində biz güclü, qüdrətli dövlət qura bildik və bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycan dövləti heç vaxt indiki kimi güclü olmamışdır.

Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan və beynəlxalq aləmdə böyük nüfuza malik olan bir ölkədir. Bizimlə əməkdaşlıq edən ölkələrin sayı daim artır. Biz dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik. Biz bütün digər aparıcı beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlıq edirik. Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınır, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir və buna görə də, ölkəmizə böyük hörmət və rəğbətlə yanaşırlar.

Ölkəmizin xarici siyasəti uğurlu daxili siyasətimizin davamıdır. Müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq birliyin fəal üzvünə çevrilməsində diplomatlarımızın və diplomatik xidmət orqanlarımızın müstəsna xidmətləri var.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son qoyulması, işğal olunmuş ərazilərimizin azad edilməsi və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi xarici siyasətimizin gündəliyində duran ən vacib məsələdir. Ardıcıl diplomatik səylərimiz nəticəsində, beynəlxalq ictimaiyyət ölkəmizin ərazi bütövlüyü və suverenliyini, münaqişənin, məhz bu prinsiplər əsasında həllini qətiyyətlə dəstəkləyir”.

Son 16 ilin uğurlu nəticələri Azərbaycanın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir

Bəli, Ulu Öndər Heydər Əliyevin Aərbaycana rəhbərlik etdiyi 50 ilə və bu uğurlu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin son 16 illik hakimiyyəti dövründə əldə etmiş olduğu titanik inkişafa diqqət yetirmək kifayətdir ki, ölkəmizin nə qədər dinamik inkişaf yolunda olduğunu görəsən. Prezident İlham Əliyevin yaratdığı yeni makroiqtisadi platforma və inkişaf formulu Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin əsas konseptlərini təşkil edib. Makroiqtisadi sabitliyin qorunub- saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində, bu gün Azərbaycan, bütövlükdə, Cənubi Qafqazın lideri və dünyanın ən sürətli inkişaf tempinə malik ölkələrindən biridir. Bu il iqtisadi sahədə köklü islahatların davam etdirilməsi, bu islahatların nəticələri, Azərbaycanın artıq dünyada ixracatçı ölkə kimi qəbul olunması, bütövlükdə, ötən dövrün yekunları, uğurlu nəticələr Azərbaycanın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir.

Eləcə də, kənd təsərrüfatında mühüm inkişafın nəzərə çarpması, eyni zamanda, dövlətin özəl sektorun inkişafına göstərdiyi diqqəti xüsusi qeyd etmək lazımdır. Eyni zamanda, Azərbaycanın uğurlu inkişafını ölkə Prezidentinin sahibkarlığın inkişafına, mütəmadi olaraq, diqqət və qayğısının nəticəsində, yerlərdə kənd təsərrüfatının inkişafına nail olunub. Qəbul olunmuş müvafiq dövlət proqramlarının uğurlu icrası isə, bu inkişafı daha da dinamik edir. Bütövlükdə, son 16 ilin uğurlu nəticələri Azərbaycanın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir.

Əksər dünya ölkələri Azərbaycanın iqtisadi modelini öyrənir, onu tətbiq etməyə çalışırlar

Ümumiyyətlə, son 16 ildə Azərbaycan, iqtisadi baxımından elə bir səviyyədə inkişaf edib ki, hətta ölkəmizin təcrübəsi inkişaf etmiş dövlətlər üçün də örnək rolunu oynayıb. Təsadüfi deyil ki, bu gün əksər dünya ölkələri Azərbaycanın iqtisadi modelini öyrənir və onu tətbiq etməyə çalışırlar.

Prezident seçkilərindən keçən dövr ərzində, müşahidə edilən müsbət tendensiyalardan biri də dövlət başçısının, ardıcıl olaraq həm xarici, həm də daxili səfərlərə çıxmasıdır. Adətən, dünya ölkələrində bu və ya digər seçkilərdən sonra seçki mübarizəsndən qalib ayrılan şəxs və ya partiya bir müddət seçki ağırlığını aradan qaldırmaq üçün istirahətə üstünlük verir. Lakin göründüyü kimi, Azərbaycan Prezidenti seçkilərdən dərhal sonra belə gərgin iş rejimini davam etdirərək, daxili və xarici səfərlər etdi. Ümumiyyətlə, dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Prezident insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin, əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə, dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən, yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır.

Ümumiyyətlə, ötən 16 il ərzində reallaşdırılan məqsədyönlü siyasət sayəsində Azərbaycan bütün sahələrdə böyük uğurlara nail olub. Bu dövrdə bütün dünyada iqtisadi cəhətdən Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı çox az olub. Belə ki, son 16 il ərzində, iqtisadiyyatımız 3,2 dəfə artıb ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur. Həyata keçirilən davamlı dəstək tədbirləri, aparılan məqsədyönlü islahatlar sayəsində, qeyri-neft iqtisadiyyatımız 2,8 dəfə artıb. O cümlədən, qeyri-neft ixracı 4,1 dəfə artıb. Bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının, təxminən, 70 faizi Azərbaycanın payına düşür. Ötən 16 ildə Azərbaycan, həmçinin, strateji valyuta ehtiyatlarını dəfələrlə artıraraq, 44 milyard dollara çatdırmağa nail olub. Bütün bu faktlar Azərbaycanın kifayət qədər böyük potensiala və gücə malik dövlət olduğunun göstəricisidir.

Son 16 ildə reallaşdırılan məqsədyönlü siyasət sayəsində, respublikanın iqtisadi müstəqilliyinin təmin olunması, maliyyə imkanlarının genişləndirilməsi Azərbaycanın özünəinam hissini artırır və ölkənin siyasi müstəqilliyini təmin edir. Bu gün Azərbaycan regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü aktora çevrilib.

Ancaq əldə edilmiş nailiyyətlər, təbii ki, kifayət etmir. Çünki zaman dəyişdikcə, dünya inkişaf etdikcə, qarşıya yeni-yeni hədəflər çıxır. Ona görə də, daha güclü Azərbaycan qurmaq üçün daha böyük əzmlə və səylə çalışmaq zərurətə çevrilir. Elə prezident seçkilərindən sonra siyasi sahədə həyata keçirilən islahatlar da, məhz buna hesablanıb. Burada isə yeganə məqsəd, dövlətimizi daha da gücləndirmək, xalqın rifah halının daha da yaxşılaşdırmaqdır. Elə dövlət başçısı və dövlətin həyata keçirdiyi siyasətinin də başlıca məqsədi, məhz budur.

Bütövlükdə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır və əldə olunan nailiyyətlər də bunu təsdiqləyir.

Bir sözlə, bütün bunlar isə xalqımız, dövlətimiz və Vətənimiz üçündür. Yəni görülən bütün işlər bizi qələbəyə, parlaq işıqlı gələcəyə aparır. Əminliklə deyə bilərik ki, bu proqram regionların sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq və Azərbaycan Prezidenti İlham Əliyevlə hələ çox böyük zəfərlərə imza atacaq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər