Siyasət

  • 3 084

"Hər iki dövlətin düşmənlərinin məkrli planlar qurması danılmaz faktdır" AÇIQLAMA - ÖZƏL

image

“Gürcüstanda milliyətindən asılı olmayaraq hər bir vətəndaş “Keşikçidağ” məbəd kompleksində yaşanan insidentə Gürcüstan-Azərbaycan dostluğu, qardaşlığı, strateji tərəfdaşlığı prizmasından yanaşmalı və bu kontekstdə münasibət sərgiləməlidir. Birmənalı olaraq qeyd edə bilərik ki, bu təxribatlar ölkələrimizin uğurlarını, gündən-günə möhkəmlənən əlaqələrini istəməyən qüvvələrin, düşmənlərin ssenarisində yer alan məsələlərdir”. Bu fikirləri SİA-ya açıqlamasında Gürcüstan parlamentinin azərbaycanlı millət vəkili Mahir Dərziyev deyib.O bildirib ki, hər iki dövlətin düşmənlərinin ölkələr arasında olan əlaqələrə xələl gətirmək üçün müxtəlif məkrli planlar qurması və bunu həyata keçirməyə çalışması danılmaz faktdır.Onun sözlərinə görə, David Qareçi – “Keşikçidağ” məbədi ətrafında süni ajiotajın yaradılmasına edilən cəhdlər də bu qəbildəndir: “Birmənalı olaraq qeyd edə bilərik ki, bu təxribatlar ölkələrimizin uğurlarını, günü-gündən möhkəmlənən əlaqələrini istəməyən qüvvələrin, düşmənlərin ssenarisində yer alan məsələlərdir”.Azərbaycan və gürcü xalqları tarixən dostluq-qardaşlıq şəraitində yaşadıqlarını xatırladan M. Dərziyev söyləyib ki, bu gün müstəqil və müasir ölkələrimiz, dövlətlərimiz strateji tərəfdaşdırlar: “Beynəlxalq hüququn tələbinə uyğun olaraq, hər iki ölkə bir-birinin sərhədini, ərazi bütövlüyünü, suverenliyini tanıyır, beynəlxalq müstəvidə bir-birinin haqq işini müdafiə edirlər. Son dövrlərdə ölkələrimiz arasında mədəni, humanitar, siyasi, iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf edir, hər iki tərəfin iştirakı ilə mühüm beynəlxalq əhəmiyyətli nəhəng layihələr uğurla həyata keçirilir. Gürcüstan-Azərbaycan əməkdaşlığı həm region, həm də beynəlxalq aləm üçün bir örnəkdir, faydalıdır. Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq layihələr, Şərqlə-Qərbi birləşdirən nəqliyyat dəhlizləri, hər iki ölkədə inşa edilmiş beynəlxalq limanlar buna əyani misaldır. Gürcüstandakı dostlarımız bu reallıqları nəzərə alaraq obrazlı şəkildə qeyd edirlər ki, Gürcüstanın geniş ixrac potensialı yoxdur, amma yeri gələndə Azərbaycan-Gürcüstan dostluğunu, əməkdaşlığını nümunəvi model kimi bütün dünyaya ixrac edə bilərik. Təbii ki, bütün bunlar bizdə qürur hissi doğurur. Bütün Gürcüstan cəmiyyəti, o cümlədən azərbaycanlılar da bu dostluğun, əməkdaşlığın daha da möhkəmlənməsində maraqlıdırlar. Gürcüstan cəmiyyətinin mütləq əksəriyyəti dərk edir ki, bu dostluğun, qardaşlığın alternativi yoxdur”.Azərbaycanlı deputat vurğulayıb ki, qaşınmayan yerdən qan çıxarılmasına imkan vermək olmaz: “Ona görə də ayıq-sayiq olmalı, təxribatlara uymamalı, hər iki tərəfin vurğuladığı kimi, səbr və təmkinlə rəsmi dairələrin fəaliyyətinə imkan yaratmalıyıq. Bu məsələ yalnız beynəlxalq hüquq çərçivəsində,danışıqlar masası ətrafında həllini tapmalıdır”.

sia.az

Digər xəbərlər