Siyasət

  • 3 521

Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

image

Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov BMT-nin İnkişaf Proqramının (BMTİP) Baş direktoru Akim Stayner və onun müavini, BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Spolyariç Eqqer ilə görüşüb.

Görüşdə Azərbaycanın BMT-nin İnkişaf Proqramı ilə ikitərəfli əməkdaşlığının genişləndirilməsi və birgə həyata keçirilən layihələrdə səmərəliliyin artırılması məqsədilə müzakirələr aparılıb. Azərbaycanın BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla davam etdiyini vurğulayan Baş Nazirin müavini 1992-ci ildə BMT-yə üzv olduqdan sonra bu əməkdaşlıq çərçivəsində bir sıra mühüm sənədlərin imzalandığını qeyd edib. O, ölkəmizin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri qlobal təşəbbüsünə qoşulması ilə bu təşkilatla əməkdaşlıqda yeni səhifə açıldığını vurğulayıb.
Azərbaycanda son dövrlərdə bütün sahələrdə inkişafın dayanıqlılığının təmin edilməsi istiqamətində aparılan islahatlar barədə məlumat verən Əli Əhmədov aparılan islahatlarda BMTİP ilə birgə icra olunan layihələrin mühüm önəm kəsb etdiyini bildirib. Eyni zamanda, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında da ön sıralarda olmağı planlaşdırdığı, bu məqsədlə ölkədə bütün strategiyalar və dövlət proqramlarının qlobal məqsədlərə uyğunlaşdırıldığı diqqətə çatdırılıb.
Baş Nazirin müavini Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və 1 milyondan çox azərbaycanlının yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü və bütün bunların ölkədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında çətinliklər yaratdığını bildirib.
BMT İnkişaf Proqramının Baş direktoru Azərbaycan Respublikasında aparılan sahəvi islahatları və Azərbaycanın DİM-lərin həyata keçirilməsində göstərdiyi səyləri yüksək qiymətləndirib. O, Azərbaycanda DİM-lərdən irəli gələn öhdəliklərlə bağlı vəzifələrin kompleks əlaqələndirilməsi və icrası üçün Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını, qısa müddət ərzində DİM-lərə inteqrasiya istiqamətində görülən işləri, habelə regionda və MDB məkanında ilk ölkə Azərbaycan tərəfindən BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda ikinci Könüllü Milli Hesabatın təqdim olunmasını qeyd edib, bütün bunları ölkəmizin DİM-lərə nail olunmasında sərgilədiyi həssas yanaşmanın bariz nümunəsi kimi dəyərləndirib.
BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin hökumətlə çox səmərəli əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın digər region ölkələri üçün nümunə ola biləcəyini qeyd edən Miryana Spolyariç Eqqer dayanıqlı inkişafa nail olunması istiqamətində həyata keçirilən layihələrdə BMT-nin hər zaman Azərbaycana dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

yap.org.az

Digər xəbərlər