Azərbaycan dövlətinin qətiyyətli mövqeyi

Prezident İlham Əliyev: “Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmi yoxdur və ola da bilməz”

Son günlər Ermənistan mətbuatında Nikol Paşinyan hakimiyyətinin siyasətini tənqid edən yazıların sayı artıb. Ekspertlər rəsmi İrəvanın səriştəsiz xarici siyasət yeritdiyindən daha açıq bəhs edir, baş nazir Nikol Paşinyanın xalqla qeyri-səmimi davrandığı barədə yazırlar. Konkret olaraq, erməni ictimaiyyətinin Dağlıq Qarabağla bağlı danışıqlarda nələrin müzakirə edildiyindən xəbərdar olmadığı haqqında informasiyalar yayılır. Hakimiyyət nümayəndələrinin bunları gizlətməsinin səbəbini anlamağa çalışırlar. Burada maraqlı olan özünü xalqın içindən çıxmış siyasətçi hesab edən və bu şüar altında hakimiyyətə yiyələnən N.Paşinyanın reallığı xalqdan gizlətməsidir. Aydın görünür ki, baş nazir və komandası öz cəmiyyəti ilə səmimi olmağı bacarmır. Səbəb nədir?

Elxan Şahinoğlu: “Tonoyan 180 dərəcə fərqli “biz sülh istəyirik” deyirsə, bu açıqlamanın da arxasında Nikol Paşinyanın istəyi dayanır”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, bu gün Tonoyan 180 dərəcə fərqli “biz sülh istəyirik” deyirsə, bu açıqlamanın da arxasında Nikol Paşinyanın istəyi dayanır. Çünki özü də son çıxışında sülhün vacibliyindən ağız dolusu danışıb. Paşinyanın və onun nazirlərinin tez-tez mövqelərini dəyişmələri Ermənistanın indiki hakimiyyətinin Qarabağ münaqişəsinin həlli ilə bağlı baxışının formalaşmaması ilə əlaqəlidir: “Paşinyan özü də etiraf etmişdi ki, köhnə hakimiyyətin xarici işlər naziri ilə qapalı görüş keçirib, keçmiş danışıqların təfərrüatlarını dəqiqləşdiriblər. Elə Paşinyanın Azərbaycan Prezidenti ilə 3 görüşü də münaqişənin həllinə təsir etməyən kiçik detallar üzərində qurulmuşdu. Bu arada, ən doğru açıqlama Paşinyanın xanımından gəlib. Erməni baş nazirin xanımı deyib ki, Ermənistanın minlərlə əsgəri heç nəyə görə Qarabağda ölüb. Bəli, illərdir biz də bunu deyirik. Böyük ehtimalla xanımı kimi Paşinyan da evdə bu ifadəni işlədib. Sadəcə, özü bu ifadəni rəsmən işlətsə, hakimiyyətini laxladar, ona görə də, xanımının açıqlaması vasitəsilə erməni cəmiyyətinin nəbzini yoxlayır”.

Bax, budur Azərbaycan diplomatiyası qarşısında Paşinyanın diz çökməsi. Bu baş verənlər, ondan xəbər verir ki, işğalçıya qarşı təzyiqi bir an belə azaltmaq olmaz. Hücum diplomatiyası + snayperlərimizin dəqiq atəşləri davam etməlidir. Və bu gün atəşkəsin pozulması bizi yox, Ermənistan hakimiyyətini narahat etməlidir və edir də. Və baş verənlərə əsaslanaraq, demək olar ki, Paşinyan bununla manevr siyasəti aparır. Çünki mərhələli həll planında maraqlı deyil. Paşinyan çalışır ki, münaqişənin həllində danışıqlar prosesi davam edərək, status-kvo qorunsun. Bu da, keçmiş hakimiyyətin siyasətinin davam etməsidir. Ancaq Paşinyan anlamalıdır ki, Azərbaycan bu kimi danışıqlara kəskin şəkildə imkan verməyəcək. Əgər bir ölkəyə quldur dəstə rəhbərlik edirsə, bu siyasətin sonu yoxdur.

Prezident İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, bu gün qarşıda duran əsas məqsəd bütün beynəlxalq təşkiltlarda öz siyasi və diplomatik fəaliyyətimizi daha da gücləndirmək və məsələnin tezliklə həllinə nail olmaqdır. Bu Azərbaycanın dünyanın ən nüfuzlu təşkiltlarında Dağlıq Qarabağ probeleminin müzakirəyə çıxarılmasına, bu məsələ ilə bağlı qərar və qətnamələrin qəbuluna nail olması aparılan uğurlu xarici siyasətin nəticəsidir. Lakin əsas məqsəd bu qərarların həyata keçirilməsi istiqamətində səyləri artırmaqdır. Dünya həqiqəti görür, haqqı-ədaləti dəstəkləyir, lakin həlledici məqam yetişəndə, tərəddüdlər ortaya çıxır. Daha dəqiq desək, işğalçının adı ilə çağırılması bu günədək dünya üçün mühüm problemə çevrilib. Niyə? Elə bizi düşündürən də bu sualdır. Təkrarən də olsa, bu faktı qeyd etməliyik. 1992-ci ildə Dağlıq Qarabağ probleminin nizamlanması missiyasını yerinə yetirmək məqsədilə ATƏT-in Minsk Qrupu yaradıldı. Həmin vaxtdan 27 il ötür. Həmsədrlərin bölgəyə səfərləri, münaqişəli tərəflərin dövlət başçılarının görüşlərinin təşkil olunmasında göstərdikləri səylər, öz aralında müakirələr aparmaları və s. məlum olan olaylardır. Amma bu gün xalqımızı maraqlandıran konkret nəticədir. Ulu Öndər Heydər Əliyev həmsədrlərin vasitəçilik missiyasına münasibət bildirərkən, daim bu fikri vurğulayırdı ki, bu vəzifə yalnız bölgəyə nəticəsiz səfərlərdən ibarət deyil. Münaqişənin beynəlxalq problemə çevrilməsi həllinin uzanmasında əsas amillərdən biridir. Hər bir dövlət məsələyə öz maraqları baxımından yanaşır və marqların toqquşması problemin həllini uzadır.

“Mən hesab edirəm ki, bizim atdığımız addımlar həm danışıqlar prosesində mövqeyimizin möhkəmlənməsinə, həm də bu məsələlərlə məşğul olan tərəflərin fəallaşmasına gətirib çıxarıbdır. Bu gün dünyada açıq-aydın dərk edilir ki, bu bölgənin uğurlu inkişafı üçün dondurulmuş münaqişələr öz həllini tapmalıdır. Bu həll ancaq və ancaq beynəlxalq hüquq normaları və prinsipləri əsasında ola bilər, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.” Prezident İlham Əliyev dəfələrlə qeyd edir ki, ərazi bütövlüyümüzün təmin olunmasına yönəlmiş diplomatik səylər daha da gücləndiriləcək, silahlı qüvvələrin daha çevik idarə edilməsi və texniki təchizatının modernləşdirilməsi sahəsində görülən işlər davam etdiriləcək, ordunun gücü və döyüş qabiliyyəti ardıcıl olaraq artırılacaq, əhalinin, xüsusilə də, gənclərin vətənpərvərlik tərbiyəsi gücləndiriləcəkdir. Güclü ordu potensialı yaradılmaqla, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşdırılır.

Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək

Təbii ki, Yerevan iqtidarı bu gerçəkliyi dərk etməli və bu yöndə müvafiq addımlar atmalıdır. Çünki bu addımlar atılmasa, münaqişə heç vaxt öz həllini tapa bilməz. Azərbaycandan güzəşt tələb etmək əsassızdır. Ən azı, ona görə ki, Bakı hökuməti mümkün olan bütün güzəştləri edib. Danışıqların bu qədər uzanması Ermənistana edilə biləcək ən böyük güzəştdir. Bu gün bölgədə Azərbaycanla rəqabət aparmaq iqtidarında olan ikinci bir dövlət yoxdur. Bizim həm iqtisadi potensialımız, həm də hərbi gücümüz Ermənistandan qat-qat üstündür. Digər tərəfdən, Ermənistan işğalçılıq siyasətinin ağır fəsadlarını yaşayır. Ölkə bütün iqtisadi layihələrdən kənarda qalıb, ölkədə böhran baş alıb gedir. Çıxış yolu isə birdir - Azərbaycan torpaqlarını öz xoşluğu ilə boşaltmaq. Əks-təqdirdə, Azərbaycan özü bunu etməyə məcbur olacaq.

Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində son on altı ildə Ermənistan və Azərbaycan prezidentlərinin və xarici işlər nazirlərinin xeyli görüşləri olub. Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bəyan edən Prezident İlham Əliyevin sərt bəyanatları, təbii ki, işğalçı Ermənistanı, ona havadarlıq edən dövlətləri və təşkilatları ciddi düşündürməlidir - “Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur və ola da bilməz. Bütün təzyiqlərə baxmayaraq, bu mövqeyi biz axıra qədər müdafiə edəcəyik.”

Beləliklə, siyasi istiqaməti məlum olmayan və ümumiyyətlə, dövlətçilikdə naşı olan Paşinyanın nala-mıxa vurması ölkədə hansısa yenilik vəd etmir. Əksinə, ermənilər daha aydın tərzdə görürlər ki, onların rifahı, ümumiyyətlə, xalq olaraq varlıqları Azərbaycanla normal münasibətlərdən keçir. Belə münasibətlər qurulmayana və işğal faktına son qoyulmayana qədər Azərbaycan Ermənistanın, dövlət olaraq, çöküşünü davam etdirəcək.

A.SƏMƏDOVA